Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbidir.
Hit.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, sözügedən məktəbin XI sinfini bu il bitirən yeganə məzunu Nihat İbrahimovdur. O, əvvəllər 42 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alıb.
“33 ildən sonra ilk məzun olmaq çox qürurverici hissdir. Bu, tarixi və yaddaqalan bir hadisədir. Mən bizə yaradılan hər cür şəraitə görə minnətdarlığımı bildirirəm. Bu müddətdə mənə tədrisdə köməklik göstərən müəllimlərimə ayrıca təşəkkür edirəm. Tək şagird olmağıma baxmayaraq, mənə hər cür dəstək göstərdilər.
Düzü, 10 il Bakıda təhsil almışam. Sonuncu sinfi Ağdamda bitirmək və ilk məzun olmaq ağlıma belə gəlməzdi. İndi isə bu, reallıqdır. Anam və qardaşım da buradadır. Məni tək qoymayıblar”, - o qeyd edib.
Xatırladaq ki, Kəlbəcər rayonunda yerləşən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə bu gün ilk dəfə “Son zəng” çalınacaq. Azad Kəlbəcərin ilk və tək məzunu isə Nəzrin Atakişiyevadır.


