Həkim: Aritmiya və hipertoniya zamanı enerji içkiləri ölümcül ola bilər

SAĞLAMLIQ
17:29 / 08.09.2026
40

Enerji içkiləri təcili şəkildə gümrahlaşmağa ehtiyacı olan insanların çoxdan gündəlik vərdişinə çevrilib. Lakin gümrahlıq illüziyasının arxasında ürək-damar sisteminə güclü təsir dayanır. 

HİT.az xəbər verir ki, kardioloq, funksional diaqnostika həkimi Kristina Vulf gazeta.ru-ya kimlərin enerji içkilərindən qəti şəkildə uzaq durmalı olduğunu və hansı əlamətlərin təcili tibbi yardım tələb etdiyini açıqlayıb.

Ekspertin sözlərinə görə, enerji içkiləri aritmiya, arterial hipertenziya, işemik ürək xəstəliyi və ürək çatışmazlığı olan pasiyentlər üçün əks-göstərişdir. Bu şəxslərdə stimullaşdırıcı maddələrin qəbulu ürək ritminin pozulması riskini kəskin artırır.

Xüsusi risk qrupuna idmançılar daxildir. Vulf xəbərdarlıq edib ki, enerji içkiləri onlarda həyati təhlükəli aritmiyalara, məsələn, mədəcik taxikardiyasına səbəb ola bilər.

Ən təhlükəli hal enerji içkisinin spirtli içki ilə birlikdə qəbul edilməsidir. Bu kombinasiya elektrolit pozuntuları və ağır aritmiyaların yüksək riski səbəbindən orqanizmə ciddi zərbə vura bilər.

Əsas təhlükə içkinin tərkibindədir. Kardioloq izah edib ki, quanara və taurinin kombinasiyası katexolaminlərin ifrazına səbəb olur və miokardda tətikləşdirici aktivliyi başladır. Onun sözlərinə görə, saf kofein öz-özlüyündə bu qədər təhlükəli xüsusiyyətlərə malik deyil, lakin enerji içkisinin tərkibində olduqda riskləri əhəmiyyətli dərəcədə artırır.

Enerji içkiləri həmçinin arterial təzyiqin kəskin yüksəlməsinə, damarların fəaliyyətinin pozulmasına və EKQ-də QTc intervalının uzanmasına səbəb ola bilər. Həkim vurğulayıb ki, uzun QT sindromu kimi nadir genetik patologiyalar zamanı bu vəziyyət qəfil ürək ölümünə gətirib çıxara bilər.

Ürəkdöyünmənin sürətlənməsi, ürəyin fəaliyyətində fasilələr, başgicəllənmə, yerişdə qeyri-sabitlik və döş qəfəsində ağırlıq təhlükəli simptomlar hesab olunur. Bu əlamətlər yarandıqda təcili tibbi yardım üçün müraciət etmək lazımdır.

Vulf mümkün qədər tez EKQ çəkdirməyin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün hətta ağıllı saatların EKQ funksiyasından da istifadə etmək mümkündür.

Kardioloq arterial təzyiqdə kəskin dəyişikliklər və ya ürək ritmi ilə bağlı problemlər yarandığı halda enerji içkilərindən birdəfəlik imtina etməyi tövsiyə edib.

Samir
 

0