Məktəblərdə telefon qadağası təhsilə necə təsir edəcək?

TƏHSİL
10:38 / 30.06.2026
214

Məlum olduğu kimi, artıq Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya Qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən yeni Qaydalar təsdiq edilib.

Bu qərarın bilavasitə Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması ilə bağlı Sərəncamının icrasını təmin etmək məqsədi daşıdığı vurğulanıb. Yeni qərara əsasən məktəblərdə telefon, planşet və smart saatların istifadəsi qadağan olunur.

Yeni qərar haqqında Hit.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəbdə keçirilən dərs saatları yalnız tədrisə həsr olunmalıdır: 

403164

“Lakin son dövrlərdə şagirdlərin, xüsusən də yuxarı siniflərdə oxuyanların, dərs zamanı mobil telefondan intensiv istifadə etməsi ciddi narahatlıq doğurur. Onlar sosial şəbəkələrdə vaxt keçirir, müxtəlif videolar çəkir və mobil oyunlarla məşğul olurlar. Belə davranış həm dərsin gedişini pozur, həm də öyrənmə prosesini zəiflədir.

Təhsil alan şagirdin əsas vəzifəsi müəllimin izahını diqqətlə dinləmək və yeni biliklərə yiyələnməkdir. Dərs zamanı telefon ekranına yönələn diqqət isə bu məqsədə çatmağa mane olur. Nəticədə şagird öyrəndiklərindən geri qalır və gələcək inkişafı üçün vacib olan bilik və bacarıqları tam mənimsəyə bilmir”.

Ekspert bildirib ki, ümumtəhsil məktəblərində bir milyondan artıq şagird təhsil alır: 

“Əgər onların əhəmiyyətli hissəsi dərs saatlarını mobil telefon qarşısında keçirməyə davam etsə, ölkənin gələcək intellektual potensialına da mənfi təsir göstərə bilər. Güclü cəmiyyət formalaşdırmaq üçün məktəblərdə ilk növbədə keyfiyyətli təhsil mühiti qorunmalıdır.

Kimsə şagirdlərin telefondan ümumiyyətlə istifadə etməsinin əleyhinə deyil. Məsələ ondan ibarətdir ki, dərs vaxtı telefon ikinci plana keçməli, əsas diqqət isə tədris prosesinə yönəlməlidir”.

Günel Cəlilova

0