Gənc nəslin yeni İDEYALARI- Azərbaycanda startap sahəsi necə İNKİŞAF edir?

TEXNO
10:30 / 03.11.2024
894

Son illər Azərbaycanda da startap sahəsi inkişaf etməkdədir. Gənc nəsil yeni ideyalarla çıxış edir. Əvvəl gənclər öz ideyalarını təqdim etməkdə çətinliklər çəkirdilərsə, indi artıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startapçılara dəstək olur, onların xaricə çıxışına şərait yaradır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkə başçısının 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb. Burada da əsas məqsəd fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə, yəni startaplara dəstək verməkdir.

Bu cür dəyişikliklərə baxmayaraq startap sahəsində hələ də boşluqlar nəzərə çarpır. Düzdür, əvvəlki illərə nisbətən indi kiminsə yeni layihəsi, ideyası olduğunu eşidirik. Amma təbii ki, yenə də inkişaf etmiş dövlətlərdən bu baxımdan geridə qalırıq. Güzəştlər, dəstək proqramları yaradılmasına baxmayaraq yenə də gənclər yeni startap qurmağa maraqlı görünmürlər. Buna səbəb kimi ya startapları üçün investor tapmaqda çətinlik çəkdiklərini, ya da prosesin çətin olduğunu deyirlər.

Azərbaycanda startap ekosistemi

Startapçı Orxan Əhmədov Bizim.Media-ya Azərbaycanda startap ekosisteminin hazırki vəziyyətindən danışıb. Bildirib ki, edilən dəstəklər və dəyişikliklər ümidvericidir.

“Hal-hazırda əvvəlki illərə nisbətən vəziyyət qat-qat yaxşıdır. İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi bir sıra proyektlər həyata keçirir. Onlardan biri də inkubasiya proqramının təşkilidir. Həm özəl şirkətlər, həm universitetlər arasında, xüsusilə regionlarda bu proqramlar təşkil olunur deyə gənclər arasında startap haqqında daha effektiv, praktik olaraq layihələr ortaya çıxır. Əvvəllər bizə inkubasiya olanda startapla  əlaqəsi olmayan şəxslər nəsə öyrədirdilər.

Amma hazırda xaricdə akreditasiyadan keçmiş, xaricdə yatırım almış insanlar mentor kimi cəlb olunur deyə onlar öz təcrübələrini, aldıqları təhsili yeni nəsilə ötürə bilirlər. Bunun hesabına da startap layihələrinin sayı artır”.

Bu sahədə hansı yeniliklərə ehtiyac var?

Orxan Əhmədov startap ekosistemindəki boşluqlardan da söhbət açıb. Onun sözlərinə görə, gənclər yeni layihələrlə çıxış etsələr də, davam etdirmirlər:

“İnkubasiya prosesinə gələn şəxslər startapı nə üçün etdiklərini bilmirlər. Yaxud yarı yolda buraxırlar. Maliyyələşdirmə məsələlərində də bəzi problemlər yaşanır. Məsələn, Gürcüstanla müqayisə etsək, onlarda da startaplara dəstək olan dövlət səviyyəsində belə bir qurum var, onlar ildə iki dəfə xüsusi proqram keçir. Bu proqram startapları və xarici mentorları cəlb edərək hər ildə 40 layihənin hər birinə 55 min dollar dəyərində qrant ayırırlar ki, onlar startaplarını inkişaf etdirsinlər. Söhbət burada investisiyadan yox, konkret qrantdan gedir ki, onlara çox böyük dəstək olur.

Bizdə hələ ki, belə bir proqram yoxdur. Qanunvericilikdə də bəzi şeylər daha açıq, liberal və anlaşılan olsa yaxşı olar. Xüsusilə də, məsələn, lisenziyalaşdırma ilə bağlı ödəniş sistemi qurmaq istəyirsinizsə, kapital olaraq 400 min-500 min manat kapital qoyuluşu olmalıdır. Hər startap təbii ki, bu məbləği qoya bilməyəcək. Bu yeni ödəniş sistemləri yaratmaq istəyən startaplara mənfi təsir edəcək”.
 

0