Avtomobil almaq istəyən şəxslərin əksəriyyəti artıq onu banka girov qoyaraq kredit götürə bilmirlər.
Düzdür, indi də bunu edən banklar var. Lakin vətəndaşlar avtomobil alışı üçün kredit götürmək tələblərini qarşılamaqda çətinlik çəkirlər. Belə ki, banklar avtomobil üçün kredit verərkən yüksək və rəsmi maaş tələb edir.
Bu isə minimum əməkhaqqı alan insanlar üçün sözügedən krediti götürməyi mümkünsüz edir. Hərçənd ki, əvvəllər bunu etmək hamı üçün əlçatan idi. Ancaq son illərdə demək olar ki, sadəcə yüksək faizlə lizinq yolu ilə avtomobili kreditlə almaq olur.
Axı banklar nə üçün maşını girov götürüb kredit verməyə müsbət yanaşmır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O, bankların bu yanaşmasını belə əsaslandırıb:
"Əvvəllər banklar avtomobil alınması zamanı kredit verilməsində maraqlı idi. Lakin sonradan müəyyən problemlər yarandı. Yüksək borclanma səbəbi ilə vətəndaşlar kreditlərini qaytara bilmədilər. Bu səbəbdən banklar da öz işlərini sığortalı görmək üçün belə riskə getmədilər. Çünki problemli kreditlərin böyük əksəriyyəti məhz avtomobil kreditlərinin üzərinə düşürdü".
Ekspert qeyd edib ki, indi isə banklar avtomobil girovu ilə kredit vermək istəmirlər:
"Ona görə də avtomobili nağd ala bilməyən vətəndaşlar bank kreditinə deyil, lizinqə üz tutmağa məcbur qalırlar. Çünki lizinq kreditləri buna imkan verir. İnsanlar yüksək faizlə olsa da özlərinə nəqliyyat vasitəsi ala bilirlər.
Həmçinin, bankların sözügedən krediti verməyə yanaşmamasının bir səbəbi də inamsızlıqdır. Çünki bəzi vətəndaşlar hesablarını düzgün aparmadığı üçün krediti ödəməkdə çətinlik yaşayırlar. Bu isə gələcəkdə əlavə problemlərlərə yol açır".
Pərviz