1 saata 43 900 ön sifariş: “Geely”nin yeni SUV-u gündəmdə

AVTO
17:29 / 21.09.2026
91

Çinin "Geely" şirkətinin yeni yolsuzluq avtomobili "Galaxy Zhanjian 700" ölkə bazarında böyük maraqla qarşılanıb. Model təqdimatdan sonra ilk bir saat ərzində 43 900 ön sifariş toplayıb.

HİT.az xəbər verir ki, ilkin sifarişlərin sayı cəmi 9 dəqiqə ərzində 10 minə çatıb. Şirkət bunun geri qaytarıla bilən rezervasiyalar olduğunu vurğulayıb. Buna görə də bu göstərici birbaşa satılan avtomobillərin sayı kimi qiymətləndirilmir.

"Galaxy Zhanjian 700"ün məhdud seriyası 700 avtomobildən ibarətdir və artıq tam satılıb. Çində modelin qiyməti versiyadan asılı olaraq təxminən 25 900-50 600 avro arasında dəyişir.

Avtomobil hibrid güc qurğusu ilə təchiz olunub. Müxtəlif versiyalarda 1,5 və 2,0 litrlik turbomühərriklərdən istifadə edilir. Üç elektrik mühərriki və tam ötürücülü ən güclü versiyanın ümumi gücü 1113 at gücünə çatır. Bu versiya 0-dan 100 km/saatadək 3,95 saniyəyə sürətlənir.

SUV 47,14 kVt/saat tutumlu CATL batareyası ilə təchiz edilib. Elektriklə 305 kilometrədək, ümumilikdə isə 1200 kilometrdən çox məsafə qət edə bilir. Avtomobilin uzunluğu 5,09 metr, klirensi isə 233 millimetrdir. Model 800 millimetrədək dərinlikdə sudan keçə bilir.

Avtomobilin ən diqqətçəkən xüsusiyyətlərindən biri fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan su rejimidir. "Geely"nin məlumatına görə, "Galaxy Zhanjian 700" ekstremal vəziyyətdə 40 dəqiqəyədək suyun üzərində qala bilər. Bununla belə, şirkət avtomobilin qayıq kimi hərəkət etmədiyini, funksiyanın yalnız onun suyun səthində qalmasını təmin etdiyini bildirir.

Modeldə həmçinin 18,5 litrlik soyuducu və masaj funksiyalı oturacaqlar da yer alır.

Hazırda "Geely" "Galaxy Zhanjian 700"ün Avropa bazarına çıxarılması ilə bağlı plan açıqlamayıb. Göstərilən qiymətlər və sifariş sayı yalnız Çin bazarına aiddir.

Samir

0