Böyük Britaniyadan 2015-ci ildə qaçaraq Suriyaya yollanan və İŞİD-ə qoşulan Şamima Bequm (Shamima Begum) adlı gənc qadın açıqlamaları ilə dünya mətbuatının gündəminə çevrilib.
BAKU.WS xəbər verir ki, İŞİD terrorçularına qoşulduğu üçün peşman olan, ölkəsinə qayıtmaq istədiyini dilə gətirən Bequm bununla bağlı rəsmi şəxslərə müraciət edib.
Hələ 15 yaşı olarkən Suriyaya qaçan 22 yaşlı britaniyalı 7 il ərzində başına gələnləri dilə gətirib. Hazırda Suriyanın şimal-şərqində yerləşən Roj həbs düşərgəsində olan Şamima Bequm müasir geyimi ilə də terrorçu təfəkküründən xilas olduğunu göstərmək istəyib. Vətəndaşlıqdan məhrum edilən Bequm Böyük Britaniya hökumətindən onun geri qayıtmasına icazə verməsini xahiş edib.
"Mümkün qədər ingilis olmaq istəyirəm. Yeniyetməlik dövründə çox təkəbbürlü ola bilərsiniz, ona görə də bəzən çətin yolu öyrənməli olursunuz. Mən bunu təcrübədən keçirdim. Məni hamıya pis nümunə olaraq göstərə bilərsiniz. Bu, uşaqların eyni səhvi etməsinə mane olacaqsa, təbii ki, pis nümunəyəm",-deyə bir vaxtlar İŞİD-in gəlini olmuş Şamima Bequm bildirib.