Sovet bunkerləri - SSRİ rəhbərləri özləri üçün çoxlu yeraltı sığınacaqlar tikdiriblər

DÜNYA
14:33 / 12.11.2022
1091

Sovet-alman müharibəsi dövründə, SSRİ-nin iqtisadi durumunun çox da qənaətbəxş olmadığı bir vaxtda yeraltı sığınacaqlara böyük vəsaitlərin xərclənməsindən söhbət düşəndə ilk növbədə göz önünə arxiv sənədlərindən tanış olduğumuz İosif Stalinin çoxsaylı bunkerləri gəlir.

Kremlin və Stalinin daim yaşadığı bağ evinin altında, bir neçə metro stansiyasında, Qorkidə (indiki Nijni Novqorod), Yaroslavlda, Saratovda, Kazanda, Stalinqradda, Kuybışevdə (indiki Samara) və adlarını bilmədiyimiz məkanlarda sovet lideri üçün inşa edilən bunkerlərə milyonlarla pul ayrılıb. Bu iş “NKVD”-yə həvalə edilib. Hansı məbləğdə pulların xərclənməsi haqqında təsəvvür yaratmaq üçün bir faktı qeyd etmək kifayətdir. Təkcə 1941-ci ilin noyabr ayında bunkerlərin inşasının ilkin mərhələsi üçün hökumət 50 milyon rubl ayırıb. Ən maraqlı faktlardan biri isə odur ki, bu bunkerlərin əksəriyyətinə Stalinin heç ayağı da dəyməyib.

v880_Бункер.jpg (90 KB)

Müharibə dövründə bunkerlər təkcə Stalin üçün tikilməyib. Bəzi hərbi və siyasi liderlər də hər ehtimala qarşı özlərinə “yeraltı şərait” yaradıblar. Məsələn, müharibə dövründə Moskvanın işğal olunacağı təqdirdə “ehtiyat paytaxt” statusu alan Kuybışev şəhərində SSRİ-nin formal dövlət başçısı, SSRİ Ali Soveti Rəyasət Heyətini sədri Mixail Kalinin üçün ayrıca bunker inşa edilib. Bunker Kuybışevin opera teatrının altında yerləşib. Maraqlıdır ki, alman bombalarından qorunmaq üçün tikilən sığınacaqda elektrik təchizatını təmin etmək üçün alman istehsalı olan “Siemens” generatorlarından istifadə ediblər. Kalinin bu bunkerdə cəmi bir dəfə olub.

caption.jpg (216 KB)

Kuybışevdə Lavrenti Beriya üçün də bunker inşa edilib. “NKVD” rəhbərinin bunkeri Kuybışevdəki Stalinin bunkeri ilə eyni layihə üzrə tikilib. 1943-cü ildə tamamla işləri zamanı Beriya tikintini dayandırıb, yəni bununla daha kimdənsə qorunmağa ehtiyac olmadığını ifadə edib.

Kuybışevdə “Jukovun bunkeri” adı ilə tanınan yeraltı sığınacaq isə şəhərdəki hərbi sanatoriyanın altında tikilib. Bu bunker baş qərargah rəisləri üçün nəzərdə tutulub. Müharibə dövründə baş qərargaha Boris Şapoşnikov, Aleksandr Vasilevski və Aleksey Antonov rəhbərlik etsə də (sovet-alman müharibəsi başlananda Jukov cəmi bir ay baş qərargah vəzifəsini tutub) bu bunkeri Jukovun adı ilə bağlayıblar. Jukov sözügedən yeraltı sığınacaqda heç bir gün də gecələməyib. Marşal özünü hava hücumundan döyüş bölgələrində yeraltı sığınacaqlarda fəaliyyət göstərən komanda məntəqələrində qoruyub.

Digər hərbi və siyasi xadimlərdən fərqli olaraq Leninqrad vilayət və şəhər partiya komitəsinin birinci katibi Andrey Jdanov öz bunkerindən daha “səmərəli” istifadə edib. Birinci katibin bunkeri Leninqrdda (indiki Sankt-Peterburq) Smolnının altında yerləib. Bunker hələ müharibədən əvvəl, Sergey Kirovun birinci katib olduğu dövrdə inşa edilməyə başlanıb və 1937-ci ildə tikinti sona çatıb.

2_3263065c.jpg (46 KB)

Bunker qaz hücumuna və 1 ton ağırlığında bomba zərbəsinə davamlı olub. Ventilyasiya, istilik, qaz, su, elektrik enerjisi yer üstündən təmin edilib, eyni zamanda bunkerin daxilində də onların təminatı üçün lazımi qurğular və sistemlər quraşdırılıb.

Sığınacaq inşa ediləndə 60 nəfər üçün nəzərdə tutulub. Müharibə dövründə Andrey Jdanova iki geniş otaq, iş və istirahət otağı, ayrıca sanitar qovşağı ayrılıb.

Məhz Jdanovun birinci katib olduğu vaxtda, hələ müharibənin başlanmasına bir il qalmış, 1940-cı ildə bunkerdə əsaslı təmir işləri aparılıb, işləmək və yaşamaq üçün bütün lazımi şərait yaradılıb. Rahatlığına xüsusi fikir verən, Stalinin sevimlisi Jdanov Leninqradın ən narahat günlərində bunkerdə lazımi səviyyədə komfortunu təmin edə bilib.

7_40f7541a.jpg (128 KB)

Bunkerdə vilayət rəhbərləri üçün ayrıca iş və yataq otaqları, müşavirə zalı, əməliyyat otağı, rabitə otağı, 8 çarpayılıq tibb məntəqəsi, mətbəx, yeməkxana, müxtəlif təyinatlı anbarlar, mühafizəçilər üçün xüsusi yer, yardımçı otaqlar və istirahət zonası olub ki, Leninqradın rəhbərləri yeraltı şəraitdə kollektiv şəkildə fəaliyyət göstəriblər.

Böyüklərdən başqa, Jdanovun bunkerinin kiçik bir sakini də olub. Belə ki, Leninqrad vilayət və şəhər Partiya Komitəsinin ikinci katibi Aleksey Kuznetsov (sonralar birinci katibi, Mərkəzi Komitənin kadrlar idarəsinin rəisi və Mərkəzi Komitənin katibi) müharibə başlanan gündən 4 yaşlı oğlu Valerini öz yanında gəzdirib və Leninqradın 900 günlük mühasirəsində həmin uşaq bunkerdə yaşamalı olub. Sonralar Valeri Kuznetsov bunkerdə yaşadığl dövrü aşağıdakı kimi xatırlayıb:

zhdanov1000-d-850.jpg (112 KB)

“Yerin altında mənim üçün heç bir əyləncə yox idi, nə xizək sürmək, nə çayda çimmək, nə də həmyaşıdlarımla oynamaq. Mənə bunkerdə çalışan xidməti personal nəzarət edirdi. Vaxtımı əsasən mətbəxdə və istirahət zonasında keçirirdim. Artıq 5 yaşım olanda sərbəst yazmağı və oxumağı bacarırdım. Mən sonralar bildim ki, yerin altında hər gün ətli xörəklər, şirniyyatlar yeyəndə, istədiyim qədər süd və kompot içəndə, yerin üstündəki uşaqlar acılıqdan ölürmüşlər. Həmin günlər mənim həyatımın ən acı xatirələridir...”

caption (1).jpg (126 KB)

Qeyd edək ki, balaca Valerinin atası Aleksey Kuznetsov 1950-ci ildə “Leninqrad işi” ilə bağlı həbs edilərək güllələnib.

Müharibədən sonra bunker 1990-cı illərə qədər qapalı şəkildə sığınacaq kimi saxlanılıb. Sonralar şəhər rəhbərliyinin təşəbbüsü ilə bunkerdə bərpa işləri aparılıb. 2019-cu ildə isə daha geniş işlər aparılaraq bunker muzey statusunu alıb.

Mənbə: Musavat.com

0