ABŞ iğtişaşların qurbanlarına rekord məbləğdə təzminat ödəyəcək - 80 milyon dollar 

DÜNYA
19:04 / 25.05.2023
341

ABŞ-ın ən azı 19 şəhəri 2020-ci ildə Corc Floydun polis tərəfindən öldürülməsi səbəbindən baş vermiş iğtişaşlar zamanı zərərçəkənlərə rekord məbləğdə - 80 milyon dollardan çox təzminat ödəməyə razılaşıb. 

HİT.az xəbər verir ki, bu barədə "Guardian" qəzeti yazır.

"ABŞ-ın ən azı 19 şəhəri hüquq-mühafizə orqanlarının tədbirləri nəticəsində gözyaşardıcı qazdan tutmuş mərmilərə qədər müxtəlif dərəcəli xəsarətlər alan etirazçılara ümumilikdə 80 milyon dollardan çox təzminat ödəyəcək", deyə "Guardian" mənbələri bildirib.

Qəzetin həmsöhbətləri kompensasiyanın məbləğini "görünməmiş" adlandırıb və bir sıra məhkəmə prosesləri hələ də davam etdiyindən ümumi məbləğin arta biləcəyini bildiriblər.

"Bütün bu işlər tamamlandıqda, çox güman ki, rekord məbləğ olacaq", deyə Cənubi Kaliforniya vətəndaş hüquqları üzrə vəkil Carol Sobel qeyd edib.

Qurbanlara təzminat ödəməyə razı olan şəhərlər arasında Nyu York, Filadelfiya, Denver, Atlanta, Los Anceles, Oklend, Milvaukee, Kanzas Siti və Portlend də var. Nəşrin məlumatına görə, hazırda proseslər Vaşinqton, San Xose və bir sıra digər şəhərlərdə gedir.

Qeyd edək ki, 25 may 2020-ci ildə Minneapolisdə afro-amerikalı Floydun ölümü bütün ABŞ-da kütləvi etirazlara və iğtişaşlara, həmçinin polisdə islahatların aparılmasının zəruriliyi ilə bağlı müzakirələrə səbəb olub. 

Samir

0