"Forbes"dan çağırış: ABŞ və Avropa Ukraynaya daha çox silah verməlidir

DÜNYA
18:38 / 12.08.2026
36

“Forbes” jurnalının baş redaktoru Stiv Forbs ABŞ və NATO ölkələrinin Ukraynaya hərbi dəstəyi sürətləndirməli olduğunu bildirib. Onun fikrincə, Rusiyanın hava hücumlarının intensivləşdiyi bir vaxtda Kiyevin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

HİT.az xəbər veror ki, nəşrin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın hava hücumundan müdafiə sistemlərindəki çatışmazlıqlardan istifadə edərək müharibədə üstünlük qazanacağına ümid edir.

Onun sözlərinə görə, Ukrayna bu il ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyanın hava hücumlarının artmasına baxmayaraq, yalnız üçdə bir qədər raket əleyhinə müdafiə raketi alıb. “Patriot” sistemləri Rusiya ballistik raketlərinə qarşı effektiv olsa da, onlar üçün nəzərdə tutulan döyüş sursatlarının çatışmazlığı yaranıb.

Forbs həmçinin Ukraynanın F-16 parkının vəziyyətinə diqqət çəkib. Onun məlumatına görə, Kiyevə vəd edilən 79 təyyarədən hazırda yalnız 39-u təhvil verilib. Bu təyyarələr isə yerüstü sistemlərin məhv etməli olduğu “Şahed” dronlarının qarşısının alınmasına da cəlb olunur.

“Ukrayna daha çox ballistik və qanadlı raketlərin istehsalını artıran Rusiya qarşısında yeni problemlərlə üzləşir”, deyə Forbs vurğulayıb.

Forbsun fikrincə, Kremlin əsas məqsədlərindən biri Ukraynanın hərbi istehsal imkanlarını zəiflətmək üçün ölkə ərazisindəki obyektlərə daha çox ballistik raket zərbələri endirməkdir.

Digər əsas hədəfin isə enerji infrastrukturu olduğunu bildirən Forbs, Rusiyanın qış ərəfəsində Ukraynanı istilik və elektrik enerjisindən məhrum etməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, xəstəxanalar, dəmir yolları, məktəblər və kommersiya obyektləri də hücumların hədəfinə çevrilir.

“Forbes” rəhbəri ABŞ-ın ilk növbədə Ukraynaya raket əleyhinə müdafiə vasitələrinin tədarükünü sürətləndirməli və “Patriot” raketlərinin istehsalını artırmalı olduğunu düşünür.

Forbs həmçinin ABŞ prezidentinin Ukraynaya “Patriot” sistemləri və onlar üçün raketlər istehsal etmək imkanı verilməsi ilə bağlı əvvəlki vədini yerinə yetirməli olduğunu bildirib.

Bundan əlavə, o, Vaşinqtonun qış aylarında Ukraynanın hava məkanının müdafiəsi üçün ən azı 50 F-16 qırıcısı göndərməsini təklif edib. Onun sözlərinə görə, ABŞ-da 800-dən çox F-16 var və NATO ölkələri də öz ehtiyatlarından ən azı 30 belə təyyarə ayıra bilər.

Forbs Avropa ölkələrini də Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Onun fikrincə, Belçika, Danimarka, Niderland, Norveç və Almaniya öz ehtiyatlarındakı digər raket sistemlərinin bir hissəsini Kiyevə verməlidir.

O, həmçinin Avropanın Ukraynanın 2026-cı il üçün istədiyi 70 milyard dollarlıq yardım paketini maliyyələşdirməsinin vacib olduğunu vurğulayıb.

Forbs hesab edir ki, Ukraynaya yardımın azalması və Rusiyanın hava hücumlarının artması qarşıdakı qışda ölkənin mülki əhalisi üçün ciddi nəticələr yarada bilər.

“Effektiv addımlar artıq indi atılmalıdır”, deyə “Forbes” baş redaktoru qeyd edib.

Samir

0