400 nüvə raketi istənilən an buraxılışa hazır olmalıdır - ABŞ süni intellektdən istifadə edir

DÜNYA
20:39 / 12.08.2026
43

ABŞ Hərbi Hava Qüvvələri köhnə “Minuteman III” qitələrarası ballistik raketlərinin vəziyyətinə və texniki xidmətinə nəzarət etməyə kömək edəcək süni intellekt sistemi axtarır. İyulun 24-də dərc olunan müraciətə əsasən, hazırda bunun üçün zəruri məlumatlar yerli sərt disklərdən ümumi şəbəkə resurslarınadək təxminən 60 müxtəlif sistemdə saxlanılır.

HİT.az xəbər verir ki, “Defense Romania”nın yazdığına görə, bu məlumatları idarə edən vahid sistem yoxdur. Buna görə də hərbçilər böyük həcmdə işi əl ilə yerinə yetirməli olurlar. Mütəxəssislər, xüsusilə komponentlərin vəziyyətini izləyir və onların nə vaxt dəyişdirilməli olduğunu müəyyən edirlər.

ABŞ 400 qitələrarası ballistik raketi daim buraxılışa hazır vəziyyətdə saxlamağa borcludur. Buna görə də onların texniki xidmətinin etibarlılığı strateji əhəmiyyət daşıyır.

Problem “Minuteman III” raketlərinin 1970-ci ildən silahlanmada olması və ilkin olaraq nəzərdə tutulduğundan daha uzun müddət istismar ediləcəyi ilə daha da mürəkkəbləşir. Bu raketləri əvəz etməli olan “Sentinel” proqramı isə uzun illərdir gecikmələrlə üzləşir.

Yeni sistemin müxtəlif mənbələrdən, o cümlədən texniki sənədlərdən, çertyojlardan və aparılmış texniki xidmət barədə məlumatlardan məlumat əldə edə bilən vahid rəqəmsal platforma yaratması nəzərdə tutulur. Məlumatlar toplanaraq mütəxəssislərə demək olar ki, real vaxt rejimində təqdim ediləcək.

Süni intellektin əsas vəzifəsi əl əməyinin həcmini azaltmaq, raketlərin və onların komponentlərinin qalan istismar resursuna nəzarəti asanlaşdırmaq olacaq. Vahid rəqəmsal sistem yaratmaqla bağlı əvvəlki cəhdlər texniki və təşkilati problemlərlə üzləşib.

Bununla belə, süni intellekt nüvə raketlərini müstəqil şəkildə buraxmaq və ya idarə etmək imkanına malik olmayacaq. Rəsmi sənədlərdə vurğulanır ki, silahların istismarı və buraxılması ilə bağlı bütün qərarlar yalnız insanların səlahiyyətində qalacaq.

Samir

0