Litva Rusiya və Belarusla sərhəddə, o cümlədən Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd ərazilərində xəndəklər qazacaq.
HİT.az xəbər verir ki, bu barədə Litva hökumətinin mətbuat xidməti məlumat yayıb.
Layihəni ölkənin Müdafiə Nazirliyi hazırlayıb. Təşəbbüsün həyata keçirilməsi üçün 50 milyon avro ayrılacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, xəndəklərin eni 20 metr olacaq. Ordunun komandanlığı tərəfindən müəyyənləşdirilən əməliyyat ərazilərində isə onların eni 150 metrə çatacaq. Maliyyələşdirmə hərbi əks-mobillik tədbirləri proqramı çərçivəsində həyata keçiriləcək. Xəndəklərin qazılması işlərinin 2028-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Hökumətin iclasında bataqlıqların bərpası ilə bağlı tədbirlər də razılaşdırılıb. Mətbuat xidmətinin məlumatına görə, bataqlıqlar Litva ərazisinin ağır texnikanın hərəkəti üçün keçilməsini çətinləşdirəcək. Bu təşəbbüsün 2030-cu ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Litva hökuməti əks-mobillik parklarının sayının artırılmasına qərar verib. Bu parklarda yolları operativ şəkildə bağlamaq üçün mühəndis maneələri saxlanılır. Məsələn, burada tank əleyhinə maneələr, "əjdaha dişləri" adlandırılan beton piramidalar, tikanlı məftillər və digər vasitələr yerləşdirilir.
Əvvəllər 27 belə parkın yaradılması planlaşdırılırdısa, onların sayı 50-yə çatdırılacaq.
Samir


