Xəbər verdiyimiz kimi, Pakistanın sabiq baş naziri İmran Xan azadlığa buraxılıb.
İslamabad məhkəməsi onun cəzasını ləğv edib. Xanın girov müqabilində həbsdən buraxılmasına qərar verilib. Həmçinin, ona qarşı korrupsiya ittihamları da dayandırılıb.
Politoloq Turab Rzayev HİT.az-a açıqlamasında bildirib ki, İmran Xanın həbs olunması ilə bağlı fərqli ssenarilər var idi:
"Bunların bəzilər daxili, bəziləri isə xarici siyasətlə bağlıdır. Ümumiyyətlə, İmran Xanın Pakistanda hakimiyyətə gəlməsinin ordu ilə qarşılıqlı razılıq əsasında olduğunu deyə bilərik. Çünki ordu ilə əvvəlki islami hökuməti təmsil edən Navas Şərif yola getmirdilər. Ən sonunda ona qarşı cinayət işi başlandı. Həmçinin, ondan ölkəyə qayıtmaması xahiş olundu. Şərif ordunun gücünü azaldaraq, siyasi iradəyə tabe etmək istəyirdi. Ordu isə bununla razılaşmırdı. O, bütün bunlara baxmayaraq ölkəyə qayıtdı və qayıdan kimi də həbs olundu. Ancaq bu onun partiyası və seçiciləri arasında çox böyük narazılığa səbəb olmuşdu".
Politoloq diqqətə çatdırıb ki, İmran Xan ordu ilə razılaşıb hakimiyyətə gəlsə də, hakimiyyətdən getməsi də yenə də ordunun təzyiqləri ilə oldu:
"Hətta bəzi analitiklər hesab edirlər ki, İmran Xanın hakimiyyətdən göndərilməsi ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaması ilə bağlı idi. Çünki Qərb Pakistanla Rusiya ilə əlaqələri tamamilə kəsməyi və sanksiyalara qoşulmağı tələb edirdi. Lakin Qərb tərəfindən Hindistan və Çinin Rusiya ilə ticarət aparmasına qarşı çıxılmırdı. Xan da ona görə bunu ölkəsi üçün tamamilə qəbuledilməz görürdü. O deyirdi ki, nə üçün bu, Hindistandan tələb olunmur, Pakistandan tələb olunur? Lakin məhz bundan sonra Pakistanda İmran Xan vəzifəsindən uzaqlaşdırılmışdı".
Pərviz