İlk dəfə atom bombasının hansı dövlətdə və kimlər tərəfindən yaradılması haqqında fikirlər həmişə fərqli və müxtəlif olub. Yəqin ki, bu da məsələnin tam məxfi saxlanılması ilə bağlıdır. Sonralar bu məxfiliklər aradan qalxdıqca, məlum olub ki, nüvə silahının yaradılması ilə bağlı ilk işlər 1938-ci ilin sonlarında Almaniyada başlayıb. Ancaq almanlar bu işi sona catdıra bilməyiblər. Təxminən eyni vaxtda, çox kiçik bir vaxt fərqi ilə bir neçə dövlət də, həmçinin SSRİ və ABŞ-da nüvə silahı ilə bağlı qərarlar qəbul ediblər.
Bü gizli müəmmalar arasında nüvə silahının-atom bombasının ilk tətbiqini isə ABŞ həyata keçirib. Yəqin elə buna görə də yəhudi əsilli amerikalı fizik Robert Oppenheymer “Atom bombasının atası” adlandırılıb.
1904-cü ildə Nyu-Yorkda anadan olan Robert Oppenheymerin valideynləri 1888-ci ildə Almaniyadan Amerikaya köçüblər. Onun atası tekstil ticarəti ilə məşğul olub və zəngin yəhudilərdən sayılıb. Anası isə rəssamlıqla məşğul olub.
Oppenheymer orta təhsilini Nyu-Yorkun ən nüfuzlu məktəblərindən birində alıb, sonra isə Harvard Universitetinə daxil olub. O, universiteti üç ilə fərqlənmə diplomu ilə bitirib. Elmi təcrübəsini Avropada keçirən Robert Oppenheymer dövrün ən tanınmış alimlərinin laboratoriyalarında çalışıb, 23 yaşında elmi işini müdafiə edərək alimlik dərəcəsi qazanıb və elə həmin vaxtdan, 1927-ci ildən atomlarla sərbəst elektronların qarşılıqlı əlaqəsinə dair nəzəriyyə üzərində işləməyə başlayıb.
Avropadakı təcrübə illərindən sonra Amerikaya qayıdan Robert Oppenheymer uzun illər ölkənin ən nüfuzlu universitetlərində professor kimi pedaqoji fəaliyyət göstərib.
1941-ci ildə ABŞ prezidenti Franklin Ruzvelt nüvə silahının yaradılması proqramının icrasını sürətləndirəndə, atom sahəsi üzrə ən tanınmış alimlərdən biri sayılan Oppenheymer Manhetten layihəsinin rəhbərlərindən biri, Los-Alamos laboratoriyasının başçısı olub. Bu laboratoriyada 1500 nəfər mütəxəssis çılışıb.
1945-ci ilin iynunda alimlər qarşıya qoyulan vəzifəni tam icra ediblər və atom bombasının sınağı uğurlu nəticə verib. Həmin ilin avqust ayının 6-da və 9-da isə atom bombası Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb.
Yaponiyanı müharibədə təslim etmək üçün məhz bu vasitədən istifadə edilib. 14 avqust 1945-ci ildə çıxılmaz vəziyyətdə qalan Yaponiya təslim olub. Yapon imperatoru Hirahito amerikalı general Duqlas Makarturla II dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən və təsdiqləyən müqaviləni imzalayıb.
Təbii ki, digər tərəfdən də Amerika Birləşmiş Ştatları öz hərbi qüdrətini dünyaya nümayiş etdirmək üçün bu dəhşətli hadisəyə imza atıb.
Atom bombasının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 70 mini keçib.
Bu hadisə Robert Oppenheymeri və onun həmkarlarını ciddi şəkildə narahat edib, kəşflərinin kütləvi qırğına səbəb olmasını, o, ABŞ peezidenti Harri Trumanla görüşündə ifadə etməkdən çəkinməyib:
- Cənab prezident, atom bombalarının Yaponiyaya atılmasından sonra biz əllərimizi qanlı görürük.
Trumen yazıq görkəm almış fizikə istehza ilə cavab verib:
- Qanlı əllər su ilə asanlıqla yuyulur.
Bu görüşdən sonra Trumen köməkçisinə göstəriş verib: “Bu “mərhəmətli” alimi bir də mənim yanım buraxmayın”.
Müharibə başa çatdıqdan sonra Robert Oppenheymer yeni yaradılmış Amerika Birləşmiş Ştatları Atom Enerjisi Komissiyasının nüfuzlu baş məsləhət komitəsinə sədrlik edib. O, bu vəzifədə olarkən nüvə silahı sahəsinin inkişafına qarşı çıxıb. Bu isə həmin ərəfə olub ki, ABŞ-la SSRİ arasında nüvə silahı üzrə sözün əsl mənasında yarışma gedib. Təbii ki, Robert Oppenheymerin bu cür mövqeyi ABŞ rəsmilərini təmin etməyib və o, rəsmi dairələrdə “siyasi etibarsız” şəxs kimi tanınmağa başlayıb.
Daha bir versiyaya görə isə, Robert Oppehneymer nüvə silahının hazırlanması proqramının SSRİ-yə ötürülməsində şübhəli bilinib.
Alimin başının üzərində dolaşan qara buludların fonunda ABŞ-ın Federal İstintaq Bürosu onun haqqında araşdırmalara başlayıb. Araşdırmalar zamanı məlum olub ki, Pobert Oppenheymerin həyat yoldaşı Kommunist Partiyasının üzvüdür. O da məlum olub ki, fizikin kommunist qruplarla hələ Avropada təcrübədə olarkən müəyyən əlaqələri olub. Onu da qeyd edək ki, Robert Oppenheymer nüvə proqramına rəhbərlik edəndə öz şəxsi anketində bu haqda məlumat veribmiş. Amma nədənsə həmin vaxt bu məsələyə ciddi reaksiya verilməyib. Araşdırmaçıların qənaətinə görə, alimin kommunistlərlə əlaqəli olmasını həmin dövrdə prezident olan Ruzveltə məruzə edəndə, o, bunun heç də təhlükəli olmadığını söyləyib.
Araşdırmalar sona çatdıqdan sonra Robert Oppenheymer bütün vəzifələrindən azad olunub, onun nüvə proqramları ilə bağlı məxfi bazalara giriş səlahiyyəti əlindən alınıb.
1954-cü ildən Robert Oppenheymer universitetlərdə sıravi müəllim kimi mühazirələr oxuyub.
Robert Oppenheymer Albert Eynşteynlə yaxın dostluq münasibətlərində olub. O da Eynşteyn kimi qeyri-adi hərəkətləri ilə fərqlənib. Daha çox duzlu yeməkləri xoşlayan fizik həyat yoldaşına ona hazırladığı yeməklərə duz qatmamağı xahiş edib. O, əvvəl duzsuz xörəyi yeyib, sonra isə duz yeməyə başlayıb.
Robert Oppenheymer hədsiz dərəcədə tütünə meylli olub. Bu da onun səhhətinə ciddi şəkildə mənfi təsir göstərib.
“Mən ölümə çevrilmişəm, mən dünyanın dağıdıcısıyam” deyən, “Atom bombasının atası” sayılan Robert Oppenheymer 1967-ci ildə, 62 yaşında boğaz xərçəngindən vəfat edib.