Ermənistan KTMT-ni tərk edir? - "Paşinyanın blefi"

DÜNYA
10:20 / 27.02.2024
229

Son günlərdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı ilə bağlı ehtimallar səsləndirilir.

Buna səbəb isə Ermənistanın Baş naziri Nikol Paşinyandır. Belə ki, o, "Fransa 24" telekanalına müsahibəsi zamanı ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu elan etmişdi. Onun açıqlamaları xeyli rezonans doğurdu və Ermənistanın tezliklə KTMT-dən ayrılacağı iddiaları sürətlə yayıldı. 

Maraqlıdır, mövcud vəziyyətdə Ermənistanın KTMT-ni tərk etmə ehtimalı nə dərəcədə realdır? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Nikol Paşinyanın Ermənistanın KTMT-dəki fəaliyyətini dondurduğu barədə açıqlama verməsi blefdən başqa bir şey deyil:

"Əlbəttə ki, Paşinyan ölkəsini rahatlıqla bu təşkilatdan çıxara bilər. Lakin bunun nəticələri Ermənistan üçün çox ağır olar. İlk növbədə, Ermənistanın iqtisadi olaraq Rusiyadan asılı olduğunu nəzərə almaq lazımdır. Bu gün minlərlə erməni Rusiyada işləyir. Onların bir çoxu vətəndaşlığı olmadan işləyir. Rusiya bu şəxsləri ölkədən deportasiya etsə Ermənistan ciddi bir işsiz kütlə ilə üz-üzə qalar. Bu isə iqtisadiyyata ciddi zərbə olar".

Ekspert onu da diqqətə çatdırıb ki, Ermənistan kənd təsərrüfatı məhsulları böyük ölçüdə Rusiyaya ixrac edilir:

344651

"Rusiyanın bu mallara blok qoyması da Ermənistan iqtisadiyyatı üçün növbəti ciddi zərbə ola bilər. Xatırladım ki, bir müddət öncə Sars keçid məntəqəsinin bağlanması fonunda erməni məshulları sərhəddə qaldı və bu da özlüyündə İrəvanı ciddi narahat etdi". 

Politoloq qeyd edib ki, Ermənistan Hindistan, İran və Fransadan silah alır, amma yenə də ən böyük silah tədarükçüsü Rusiyadır:

"Yəni rəsmi İrəvanın bu asılılığı aradan qaldırmadan KTMT-dən çıxması intihara bərabər olar. Üstəlik, bu gün Rusiyanın Ermənistandakı hərbi və siyasi gücü də kifayət qədər güclüdür. Belə ki, Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Bundan başqa, ölkədə 102-ci hərbi baza başda olmaqla birdən çox rus bazası var. 

Ən önəmli faktor isə bu gün Ermənistan hərbi və siyasi elitası daxilində Rusiyaya sadiq qüvvələrin sayının çox olmasıdır. Düşünürəm ki, bu reallıqlar fonunda Ermənistanın KTMT-ni tərk etməsi mümkün deyil".

Turan Rzayevin fikrincə, Nikol Paşinyan hələlik bu açıqlaması ilə nəbz yoxlayır və Rusiyanın qıcıqlandırmaq istəyir:

"Amma Paşinyan da yaxşı bilir ki, Ermənistanın KTMT-nı tərk etməsi elə də asan deyil. O, bəlkə də Ermənistanın KTMT-ni tərk edib NATO-ya üzv olacağını düşünür. Bu isə ümumiyyətlə mümkün deyil. 

Vəziyyət hər nə qədər Kremli narahat etsə də hələlik ciddi bir reaksiya verilmir. Amma hesab edirəm ki, proses ciddiləşsə və Kreml hərəkətə keçərsə, hətta Paşinyan hakimiyyəti də dəyişə bilər. 

Çünki Rusiya rəsmiləri problemlərinin Ermənistanla deyil, mövcud hakimiyyətlə olduğunu deyirlər. Yəni hakimiyyətin dəyişməsi probleminin də həll edilməsi deməkdir".

Pərviz

0