İranın növbəti oyunu

DÜNYA
13:30 / 15.04.2024
240

İranın İsrailə hava zərbələri endirməsi son günlərin əsas müzakirə mövzusudur.

Rəsmi Tehran İsrailin Dəməşqdəki konsulluğunu vurmasına cavab olaraq bu addımı atdığını açıqladı. Bununla da intiqam aldığını bəyan etdi. Üstəlik, İran tərəfi BMT-nin 51-ci maddəsinə əsasən, bunun hüququ olduğunu bildirib. 

Ümumiyyətlə, proses necə başladı? 

Əslində İranın Dəməşqdəki konsulluğunun vurulmasına görə cavab tədbiri görəcəyi uzun müddətdir gözlənilirdi. Çünki daxildən Tehran rejiminə qarşı çox ciddi təzyiq var idi. Nəticədə, İsrailə zərbələrin endirilməsini İranda vətəndaşlar böyük canfəşanlıqla qeyd etdilər. Bununla da, əhalinin İbrahim Rəisi hakimiyyətinə qarşı təzyiqi azaldı. Ən çox diqqətçəkən məqam isə hücum zamanı İsrailə heç bir ciddi ziyanın dəyməməsi oldu. Həmçinin, heç bir insan itkisi də olmadı.

Bəs zərbələr niyə effektiv olmadı? 

Çünki İran hakimiyyəti öncədən hücum barədə ABŞ-yə məlumat vermişdi. Rəsmi Vaşinqton da İsrailə xəbərdarlıq edib. Onu da nəzərə almaq lazımdır ki, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələr vətəndaşlarını İrana getməməyə çağırmışdı. Üstəlik, İranın 48 saat ərzində İsrailə hücum etməsinin gözlənildiyi deyilmişdi. Yəni Benyamin Netanyahu hakimiyyəti hücuma hazırlıqlı idi. 

Nə üçün hücum uğursuz oldu? 

Əvvəla nəzərə almaq lazımdır ki, İranla İsrail həmsərhə deyil. Ona görə də İrandan atılan raketlərin İsrailə çatması uzun vaxt tələb edirdi. Hansı ki, İsrail tərəfinin ilk açıqlamasında raketlərin hava məkanlarına çatan kimi zərərsizləşdiriləcəyi elan olunmuşdu. Ümumiyyətlə, İranın atdığı raketlər 2 saata, dronlar 8 saata, ballistik raket isə 12 dəqiqəyə İsrailə çatdı. Beləliklə, İsrailin havadan müdafiə qüvvələri həmin raketlərin və dronların 99 faizini havada məhv etməyi bacardı. Çünki hazır vəziyyətdə gözləyirdilər. 

Hücum öncədən hazırlanmış ssenari idi? 

Bu hücumun saxta və effektsiz olduğuna dair fikirlər səsləndirilir. Əlbəttə ki, bu da əbəs deyil. Elə kimlərin qazanclı çıxdığına baxmaq reallığı ortaya qoyur. Bu hücumun ardından həm İran rejimi daxili təzyiqdən xilas oldu, həm də uzun müddətdir etirazlarla qarşılaşan Benyamin Netanyahu vətəndaşları ətrafında toplamağa nail oldu. Bu səbəbdən də İranla İsrail arasında gizli razılaşma olduğu da önə sürülür. 

Qeyd edək ki, İran ilk dəfə belə saxta hücum etmir. Tehran rejimi daha öncə Qasım Süleymaninin intiqamını almaq üçün ABŞ-nin hərbi bazasını vurmuşdu. Üstəlik, bunu böyük intiqam kimi təqdim edərək, daxildəki etirazların qarşısını almışdılar. Lakin dönəmin ABŞ Prezidenti Donald Tramp yaxın zamanda İranın həmin hücumdan öncə Vaşinqtona məlumat verdiyini, ona görə də sözügedən bazanın boş olduğunu etiraf etmişdi. Görünür, yenidən bəznər ssenari təkrarlanıb... 

Pərviz

0