BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında Afrika təmsilçilərinin olmamasına qəzəblənib və bu tarixi ədalətsizliyi düzəltmək üçün Təhlükəsizlik Şurasının islahatına çağırıb.
HİT.az xəbər verir ki, bu barədə o, Pekində keçirilən IX Çin-Afrika Əməkdaşlıq Forumunda bildirib.
"Bütün dünyada çoxtərəflilik çətinliklərlə üzləşir, çoxtərəfli institutlar reallıqlardan geri qalır. Bəzi tarixi ədalətsizlikləri düzəltməyin vaxtıdır. Afrika qitəsinin hələ də Təhlükəsizlik Şurasında daimi kürsüyə malik olmaması qəzəb doğurur", deyə Quterreş bildirib.
O qeyd edib ki, bu ay Nyu-Yorkda Gələcək Sammiti keçiriləcək və bu, həmrəylik və ədalətə əsaslanan çoxtərəfli strukturların yenilənməsi və islahatları üçün əsas fürsət olmalıdır.
"Biz islahatlarda israr edirik ki, beynəlxalq institutlar və qlobal maliyyə arxitekturası müasir dünyanın reallıqlarına cavab versin və bugünkü çağırışlara, o cümlədən inkişaf etməkdə olan ölkələrin, xüsusən də Afrikanın üzləşdiyi problemlərə effektiv cavab verə bilsin", deyə BMT-nin baş katibi vurğulayıb.
Onun sözlərinə görə, Çin və Afrika dövlətlərinin bu cür islahatlara dəstəyi onların uğurla həyata keçirilməsi üçün son dərəcə vacibdir:
"Sizin tam iştirakınız dayanıqlı həllərin tapılması üçün mühüm əhəmiyyət kəsb edəcək və siz sağlam planetdə dinc və davamlı insan inkişafı kimi ümumi məqsədimizə nail olmaq üçün güclü Çin-Afrika tərəfdaşlığı üçün Birləşmiş Millətlər Təşkilatının dəstəyinə arxalana bilərsiniz".
Samir