Astronomlar tərəfindən son illərdə edilən ən mühüm kəşflərdən biri 8 milyarddan çox işıq ili məsafəni qət edərək Yerə çatan və gücünü itirməyən “meqalazer” tipli son dərəcə güclü siqnalın qeydə alınmasıdır. Bu siqnal Cənubi Afrikadakı MeerKAT radio teleskopu vasitəsilə aşkarlanıb.
HİT.az xəbər verir ki, “The Times of India”nın yazdığına görə, bu tapıntı kosmik məsafələrdə siqnalların zəifləməsi ilə bağlı mövcud elmi proqnozlarla ziddiyyət təşkil edir. Adətən belə siqnallar kosmosdan keçərkən zəifləyir və deformasiyaya uğrayır, lakin bu siqnal son dərəcə aydın və güclü şəkildə saxlanılıb.
Bu kəşf Kainatda enerji və radiasiyanın davranışı ilə bağlı anlayışımızı dəyişə bilər.
“Meqalazer” əslində hidroksil meqamazer adlanan təbii hadisədir. Bu, mikrodalğa diapazonunda baş verən və lazerə bənzər gücləndirilmiş şüalanma formasıdır. Bu proses qalaktikaların toqquşması nəticəsində qazların sıxılması və hidroksil molekullarının güclü şəkildə həyəcanlanması ilə yaranır və nəticədə intensiv şüalanma əmələ gəlir.
Bu halda şüalanma Yerdən təxminən 8 milyard işıq ili uzaqlıqda yerləşən HATLAS J142935.3–002836 qalaktik sistemindən gəlir. Tədqiqatçılar bu qədər güclü emissiyanı “hiqamegazer” kimi də təsnif etməyi düşünürlər, çünki o, adi meqamazerlərdən daha güclüdür.
Baş tədqiqatçı doktor Tato Manamela bildirib: “Biz kosmosun yarı yolundan gələn radio-lazer ekvivalentini müşahidə edirik”.
Əsas suallardan biri siqnalın 8 milyard il boyunca necə bu qədər aydın qala bilməsidir. Adətən belə şüalanma kosmosda yayılaraq zəifləyir və aşkar edilməsi çətin olur.
Lakin bu halda siqnalın güclənməsinə “qravitasiya linzalanması” adlı təbii optik hadisə səbəb olub. Doktor Manamelanın sözlərinə görə, ön plandakı bir qalaktika bu siqnal üçün təbii “böyüdücü şüşə” kimi davranır və onun intensivliyini artırır.
Bu tapıntı yalnız maraqlı hadisə deyil, həm də kainatın erkən dövrlərini öyrənmək üçün yeni imkanlar açır. Alimlər hesab edirlər ki, bu tip meqamazerlər qazla zəngin mühitlər, qalaktika toqquşmaları və hətta superkütləli qara dəliklər haqqında məlumat verə bilər. Gələcəkdə bu cür obyektlər qravitasiya dalğalarının öyrənilməsində də rol oynaya bilər.
Tədqiqatçılar gələcəkdə daha çox belə siqnalların aşkar olunacağına ümid edirlər. Manamelanın sözlərinə görə: “Biz tək bir sistem yox, yüzlərlə və minlərlə belə mənbə tapmaq istəyirik”.
Bu qeyri-adi megalazer siqnalı kainatın nə qədər dinamik və gözlənilməz olduğunu göstərən mühüm bir kəşf kimi qiymətləndirilir. Kosmosun dərinliklərindən milyon illər əvvəl yola çıxan bu “işıq izi” müasir teleskoplar sayəsində indi görünən hala gəlib və kainatın sirlərini daha dərindən anlamaq üçün yeni imkanlar yaradır.
Samir


