Macarıstan, sanksiyalar və Rusiya nefti: Yeni lideri Aİ ilə genişmiqyaslı razılaşma hazırlayır

DÜNYA
17:20 / 14.04.2026
74

Macarıstanın seçkilərdə qalib gələn siyasətçisi Peter Macarın Baş nazir Viktor Orbanın 16 illik hakimiyyəti dövründə Avropa İttifaqı (Aİ) ilə pozulan münasibətləri bərpa etmək üçün genişmiqyaslı bir razılaşma hazırladığı bildirilir. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Məqaləyə görə, Macarın əsas prioriteti Aİ fondlarından dondurulmuş 18 milyard avronun blokdan çıxarılmasıdır. Bundan əlavə, o, Aİ-nin müdafiə kreditlərindən təxminən 16 milyard avroya çıxış əldə etmək və miqrasiya qaydalarının pozulmasına görə Macarıstana tətbiq edilən gündəlik 1 milyon avro cərimənin ləğvini istəyir.

Lakin Brüssel bu vəsaitləri yeni hökumətə şərtsiz şəkildə vermək niyyətində deyil. Aİ Macarıstandan hüquqi və institusional islahatlar aparılmasını gözləyir.

Eyni zamanda, Brüsselin əsas siyasi tələbləri arasında Macarıstanın Ukraynaya 90 milyard avroluq kreditin bloklanmasını dayandırması, Rusiyaya qarşı yeni sanksiya paketini dəstəkləməsi və Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlanmasına mane olmaması yer alır.

Macar isə tez hərəkət etməyə məcburdur, çünki tələb olunan islahatlar vaxtında həyata keçirilməsə, Aİ fondlarının böyük hissəsini itirə bilər.

Macar vəzifəyə başladığı ilk günlərdə Aİ səviyyəsində “kompromislər” axtaracağını və qərarvermə prosesinin sadələşdirilməsini istədiyini bildirib. O, Ukraynaya 90 milyard avroluq kreditin verilməsinə mane olmayacağını da vurğulayıb.

Yeni hökumət parlamentdəki iki-üçdə bir çoxluğa arxalanaraq məhkəmə islahatlarını həyata keçirməyi və Aİ fondlarını dondan çıxarmağı planlaşdırır. Madyar həmçinin Macarıstanın Moskva ilə münasibətlərdə məsafə saxlamalı olduğunu bildirib.

Bununla belə, o, Macarıstanın Rusiya neftindən imtina etməyə hazır olmadığını da qeyd edib. O, sanksiyaların qüvvədə qalmasını dəstəkləsə də, yeni sanksiya paketlərinə münasibətini açıq şəkildə ifadə etməyib.

Ukrayna məsələsi Macarıstan diplomatiyası üçün həssas mövzu olaraq qalır. Ölkədə güclü anti-Ukrayna əhval-ruhiyyəsi olsa da, diplomatlar kompromisin mümkün olduğunu düşünür.

Macar prezidentdən yeni parlamentin açılışını irəli çəkməyi xahiş edib ki, Aİ tələblərinə uyğun islahat paketi daha tez təqdim olunsun.

Macarıstan hazırda Aİ müqavilələrinin 7-ci maddəsi üzrə araşdırma altındadır ki, bu da hüququn aliliyi pozularsa səsvermə hüququnun dayandırılmasına qədər gedə bilər. Növbəti dinləmənin may ayının sonunda keçirilməsi planlaşdırılır.

Əvvəlki açıqlamalarda Macar Ukraynaya 90 milyard avroluq Aİ kreditinin bloklanmasına qarşı çıxmayacağını bildirib. Lakin o, Ukraynanın yaxın 10 il ərzində Aİ üzvü olmasını real hesab etmir.

Eyni zamanda, o, Macarıstanın enerji baxımından Rusiya asılılığını tam kəsmək istəmədiyini və Moskva ilə danışıqların davam etdirilməli olduğunu düşünür.

Samir
 

0