Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazında gərginliyin artması neft üzrə yuanla hesablaşmaların kəskin şəkildə yüksəlməsinə səbəb olub.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəticədə Çin rəhbəri Si Szinpinin 2022-ci ildə Yaxın Şərqə səfəri zamanı irəli sürdüyü "petroyuan təşəbbüsü" yenidən aktuallaşıb.
Petroyuan (və ya neft yuanı) Çin yuanının beynəlxalq neft ticarətində hesablaşma valyutası kimi istifadəsini ifadə edən termindir. 1970-ci illərdən bəri dünya bazarında əsasən petrodollar sistemi mövcuddur.
Agentliyin məlumatına görə, Çin Milli Transsərhəd Banklararası Ödəniş Sistemi (CIPS) yaxın vaxtlarda bir gün ərzində rekord həcmdə — 1,22 trilyon yuan (179 milyard dollar) əməliyyat qeydə alıb. Bu valyutada neft hesablaşmaları ilk dəfə 1 trilyon yuan həddini keçib. "Deutsche Bank AG" strateqi Mallika Saçdeva bildirir ki, Yaxın Şərqdəki hərbi gərginlik petrodolların üstünlüyünün zəifləməsi və petroyuanın yaranmasının əsas katalizatoru kimi yadda qala bilər.
"Bloomberg" qeyd edir ki, Çin hakimiyyəti Yaxın Şərqlə iqtisadi əlaqələri gücləndirməyə çalışır. Çin rəsmiləri Şanxayda neft ticarəti üçün infrastrukturun genişləndirilməsi, o cümlədən fyuçers müqavilələrinin inkişafı üzərində işləyir və region tərəfdaşları ilə rəqəmsal valyuta platforması yaradılması imkanlarını araşdırır. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Çin ilə Yaxın Şərq arasında yuanla ödəniş və daxilolmalar 1,1 trilyon yuana çatıb ki, bu da 2020-ci illə müqayisədə 53% artım deməkdir.
2022-ci ildə Si Szinpin dövlət səfəri ilə Səudiyyə Ərəbistanına getmişdi. O, Kral Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudla görüşdə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin neft və qaz satışını Şanxay birjasında yuanla həyata keçirməsini təklif etmişdi. Bu təşəbbüs yuanın Yaxın Şərqdə daha geniş istifadəsinə yol aça bilərdi.
Samir


