Almaniya ukraynalıları vətənlərinə qaytarmaq üçün çalışacaq

DÜNYA
16:45 / 14.04.2026
72

Almaniya kansleri Fridrix Merz bildirib ki, Berlin və Kiyev Almaniyada sığınacaq almış ukraynalıların vətənə qayıdışını asanlaşdırmaq istiqamətində birgə işləyəcək.

HİT.az xəbər verir ki, o, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Biz Almaniyada sığınacaq almış Ukrayna vətəndaşlarının vətənə qayıdışını necə asanlaşdırmaq barədə müzakirələr aparacağıq”, deyə Merz vurğulayıb.

Kansler həmçinin Ukrayna hökumətinin hərbi çağırış yaşında olan kişilərin ölkədən çıxışına qoyduğu məhdudiyyətləri dəstəklədiyini bildirib:

“Ukraynanın hərbi yaşda olan kişilərin Avropa İttifaqına çıxışını məhdudlaşdırmaq səylərini dəstəkləyirik. Bu, ölkənin özünü müdafiə edə bilməsi, cəmiyyətin birliyinin qorunması və gələcəkdə bərpa prosesinin mümkün olması üçün zəruridir. Bu istiqamətdə hər iki tərəfin maraqlarına uyğun irəliləyiş görürük”.

Xatırladaq ki, Ukrayna hökumətinin 22 yaşadək gənclərin ölkəni tərk etməsinə icazə verməsindən sonra Almaniyada bu yaş qrupuna aid ukraynalıların sayı kəskin artıb. Sentyabr ayında Almaniyaya daxil olan 30 882 Ukrayna vətəndaşının təxminən üçdə birini gənc kişilər təşkil edib.
2026-cı il 9 mart tarixinə olan məlumata görə, Almaniyada Ukraynadakı müharibə səbəbindən ölkəyə gəlmiş təxminən 1,34 milyon nəfər yaşayır. Onların 349 520-si kişilərdir.

Leypsiqdə yaşayan ukraynalı Katerina bildirir ki, hazırda Almaniyaya gələn ukraynalılar üçün ölkədə məskunlaşmaq 2022-ci illə müqayisədə daha çətindir. Onun sözlərinə görə, xüsusilə Almaniyada bürokratik prosedurlar hüquqi statusun alınmasını və qaçqın düşərgələrinə yerləşdirilməni xeyli çətinləşdirir.

Samir

0