1968-ci ildə ABŞ-a məxsus “USS Scorpion” atom sualtı qayığı Atlantik okeanında missiya yerinə yetirərkən müəmmalı şəkildə batıb.
HİT.az xəbər verir ki, bu barədə “19FortyFive” nəşri yazır.
2022-ci ildə “EBSCO” tərəfindən dərc olunan hesabata görə, sualtı qayıq missiyaya başlamazdan əvvəl Norfolk hərbi-dəniz tərsanəsində texniki baxımdan keçib, daha sonra Aralıq dənizinə yollanıb.
Gəmi 27 may tarixində limana qayıtmalı idi, lakin 21 mayda göndərilən son radio siqnalından sonra onunla əlaqə tamamilə kəsilib. Göyərtədə onlarla dənizçi olub və yüksək məxfilik səbəbindən onların taleyi uzun illər naməlum qalıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi məlumatına görə, qəzanın ən ehtimal olunan səbəbi “müəyyən edilməmiş mexaniki nasazlıq” hesab olunur.
“Scorpion”un itkisinin dəqiq səbəbi mövcud sübutlara əsasən müəyyən edilə bilməz”, deyə 1969-cu ildə açıqlanan istintaq hesabatında bildirilir.
Lakin onilliklər sonra daha qaranlıq versiyalar ortaya çıxıb. 1993-cü ildə bəzi sənədlərin məxfilikdən çıxarılmasından sonra məlum olub ki, istintaq komissiyası “korpusdan kənarda böyük gücə malik partlayış” ehtimalını da nəzərdən keçirib. Bu isə mümkün hücum və ya “Mark 37” torpedası ilə bağlı ölümcül səhv barədə şayiələrə səbəb olub.
Ən səs-küylü versiyanı hərbi jurnalist Ed Offli irəli sürüb. Onun fikrincə, “Scorpion”un məhvi Sovet donanması ilə gizli toqquşmanın nəticəsi ola bilər.
“Əslində ‘Scorpion’ casusluq, yüksək texnologiyalı müşahidə və mümkün hərbi qarşıdurma ilə dolu Soyuq müharibə hadisələrinin mərkəzində idi”, deyə Offli yazıb.
Bəzi ehtimallara görə, ABŞ və SSRİ Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün bu faciənin detalları barədə susmaqla bağlı gizli razılaşma əldə ediblər. Həlak olan dənizçilərin bəzi yaxınları isə rəsmi “texniki nasazlıq” versiyasına inanmır və bunu “ruslarla ölümcül toqquşmanın ört-basdır edilməsi” kimi qiymətləndirirlər.
Hazırda “USS Scorpion”un qalıqları Şimali Atlantik okeanının dibində qalmaqdadır.
Samir


