"Onlar bizə kömək etməyəcəklər" - Trampdan yeni bəyanat

DÜNYA
13:15 / 15.04.2026
55

ABŞ prezidenti Donald Tramp yenidən NATO hərbi-siyasi alyansı ilə bağlı tənqidi bəyanat səsləndirib. 

HİT.az xəbər verir ki, o, 15 apreldə “Truth Social” platformasında paylaşım edərək bildirib ki, NATO keçmişdə ABŞ-a lazım olduğu vaxt yardım etməyib və gələcəkdə də etməyəcək.

"Onlar bizə kömək etməyiblər və gələcəkdə də kömək etməyəcəklər", deyə Tramp yazıb.

Daha əvvəl də Tramp NATO-ya qarşı oxşar tənqidlər səsləndirib. Onun sözlərinə görə, alyans ölkələri ABŞ-ın İrana qarşı hərbi addımlarını dəstəkləməyib və bu, Vaşinqtonun narazılığına səbəb olub.

Bir neçə gün əvvəl o, NATO-nun fəaliyyətinin yenidən nəzərdən keçirilməli olduğunu bildirmiş, ABŞ-ın alyansdan gözləntilərinin doğrulmadığını qeyd etmişdi.

Aprel ayının əvvəlində “The Telegraph”a verdiyi müsahibədə isə Tramp ABŞ-ın NATO-dan çıxma ehtimalını istisna etməyib və təşkilat barədə sərt ifadələr işlədib. O, NATO-nu “kağız pələng” adlandıraraq onun effektivliyini şübhə altına alıb.

NATO daxilində və Avropada bu bəyanatlar narahatlıqla qarşılanır. Niderland ordusunun komandanı general Onno Eyxelsxaym Trampın açıqlamalarını “qeyri-məntiqi” adlandırıb və belə bəyanatların alyansın birliyinə zərər verdiyini bildirib.

Bununla belə, o, ABŞ-ın rəsmi öhdəliklərinə sadiq qalacağına ümid etdiyini və Avropa ölkələrinin öz müdafiə xərclərini artırmalı olduğunu vurğulayıb.

Samir
 

0