ABŞ prezidenti Donald Tramp Macarıstanda keçirilən seçkilərdə Viktor Orbanın məğlubiyyətindən narahat olmadığını, yeni baş nazir Peter Macarın isə öz vəzifələrinin öhdəsindən gələcəyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə jurnalist "ABC News"un əməkdaşı Conatan Karl sosial şəbəkə X-də dövlət başçısının sözlərinə istinadən məlumat verib.
"Düşünürəm ki, yeni baş nazir öz vəzifələrinin öhdəsindən yaxşı gələcək - o yaxşı insandır", deyə Tramp bildirib.
ABŞ prezidenti xatırladıb ki, Peter Macar əvvəllər Orbanın Fides Partiyasının üzvü olub və miqrasiya məsələsində keçmiş baş nazirə oxşar mövqelərə malikdir. Trampın qiymətləndirməsinə görə, Macar çox yaxşı nümunə olacaq.
Eyni zamanda Tramp, vitse-prezident Cey Di Vens Macarıstana səfər etdiyi halda onun şəxsi iştirakının nəticəyə təsir edib-etməyəcəyi barədə suala cavab verməkdə çətinlik çəkib.
"Orban xeyli geridə qalırdı. Mən bu işə o qədər də çox cəlb olunmamışdım. Baxmayaraq ki, Viktor yaxşı insandır", deyə Tramp vurğulayıb.
12 aprel tarixində keçirilən seçkilərin nəticələrinə görə, Macarıstanın hakim partiyası məğlubiyyətə uğrayıb. Əsas rəqiblər hazırkı baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fides və müxalif Tisa partiyasının lideri Peter Macar olub. Səsvermənin nəticələrinə əsasən, Tisa parlamentdə yerlərin 2/3-dən çoxunu qazanaraq konstitusiya çoxluğu əldə edib.
Qalib gələn müxalif lider Peter Macar hökuməti istefaya çağırıb. O həmçinin vəd edib ki, onun hakimiyyətə gəlişi ilə Macarıstan Avropa İttifaqı və NATO üçün daha güclü müttəfiq olacaq və korrupsiyaya qarşı sərt tədbirlər görüləcək.
Samir


