Yaponiya ASEAN ölkələrinə neft alışı üçün 10 milyard dollar ayıracaq

DÜNYA
18:00 / 15.04.2026
160

Yaponiya hökuməti Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərə tibbi məhsulların istehsalını dəstəkləmək məqsədilə neft alışı üçün 10 milyard ABŞ dolları ayırmaq qərarı verib.

HİT.az bu barədə NHK telekanalına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Yaponiya bu ölkələrdə tibbi məhsul istehsalının davamlılığını qorumaqda və təchizat zəncirinin fasiləsizliyini təmin etməkdə maraqlıdır. Bu məhsullar xüsusilə dializ prosedurları və tibbi əlcəklərin istehsalı üçün vacib hesab olunur. Maliyyələşdirmə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ("JBIC") vasitəsilə həyata keçiriləcək.

Yaponiya baş naziri Sanae Takaiti bu qərarı Asiya Sıfır Emissiya Cəmiyyətinin ("AZEC") onlayn sammiti zamanı açıqlamalıdır. Sammit 15 aprel tarixində keçiriləcək.

NHK-nin məlumatına görə, Yaponiya həmçinin ASEAN ölkələri ilə böyük həcmdə neft ehtiyatlarının idarə olunması sahəsində öz təcrübəsini bölüşəcək. Yaponiya 1978-ci ildən etibarən strateji neft ehtiyatları toplamağa başlayıb. 2025-ci ilin dekabr ayının sonuna olan məlumata görə, ölkənin ehtiyatları 470 milyon barrel təşkil edib və bu həcm təxminən 254 gün kifayət edə bilər.

Qeyd olunur ki, Yaponiyanın bu sahədə təcrübəsinə böyük maraq var, çünki ölkənin Yaxın Şərqdən xam neft idxalından asılılığı olduqca yüksəkdir və bu göstərici 90 faizdən çoxdur.

Samir
 

0