Antarktidanın qaranlıq və sərt dərinliklərində çalışan dəniz bioloqları hələ 2010-cu ildə okean elmi üçün nadir sayılan hadisələrdən birinə şahidlik ediblər. Sualtı araşdırmalar zamanı təsadüfən aşkar edilən nəhəng balina skeleti dərin okean həyatının dövranı ilə bağlı təsəvvürləri dəyişib.
HİT.az xəbər verir ki, alimlərin “böyük tapıntı” adlandırdığı bu hadisə həyatın ən çətin şəraitdə belə mövcud ola bildiyini göstərir. Cənub okeanının minlərlə metr dərinliyində qida tapmaq demək olar ki, mümkünsüzdür. Günəş işığının çatmadığı bu ərazilərdə canlılar əsasən yuxarıdan düşən üzvi qalıqlarla qidalanır.
Lakin “balina düşüşü” adlanan hadisə bu mühitdə vəziyyəti tam dəyişir. Nəhəng balina öldükdən sonra okeanın dibinə çökərək onilliklər davam edə bilən zəngin qida mənbəyinə çevrilir. 2010-cu ildə aşkar edilən təxminən 10 metr uzunluğunda mink balinasının skeleti ətrafında bütöv bir ekosistemin formalaşdığı müşahidə olunub.
Tədqiqatçılar skeletə çatdıqda balinanın ət və yağ hissələri artıq digər canlılar tərəfindən yeyilmişdi. Lakin əsas proses sümüklərin daxilində davam edirdi. Alimlər bu skeletdə əvvəllər elmə məlum olmayan 9 yeni növ aşkar ediblər.
Onlardan ən diqqət çəkəni “Osedax” adlanan, turşu ifraz edərək balina sümüklərini əridən və içindəki qida maddələrinə çatan “sümük yeyən zombi qurdlar”dır.
Southampton Universitetinin professoru Con Kopley bildirib ki, belə ekosistemin Antarktika sularında ilk dəfə müşahidə olunması mühüm elmi nailiyyətdir. Onun sözlərinə görə, okeanın bu qədər tənha və dərin hissəsində kiçik canlıların bu cür skeleti necə tapması hələ də cavabsız qalan suallardandır.
Samir


