ABŞ Kosmik Qüvvələrinin hesabatı Çinlə mümkün gələcək münaqişəni proqnozlaşdırır

DÜNYA
14:33 / 17.04.2026
49

Çin kosmosda hərbi imkanlarını sürətlə genişləndirir və 2040-cı ilə qədər ABŞ-a qarşı yönəlmiş, aşağı intensivlikli əməliyyatlara keçə bilər. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin yeni hesabatında qeyd olunur.

Hesabatda Pekinlə mümkün münaqişənin yaxın 14 il ərzində rəsmi müharibə səviyyəsindən aşağı, lakin davamlı və uzunmüddətli qarşıdurma şəklində olacağı ssenarisi təsvir edilir.

Sənəddə qeyd olunur ki, 2040-cı ilə qədər əməliyyat mühiti “daimi, çətin aşkarlanan rəqabət” ilə xarakterizə olunacaq. Burada müharibə və sülh arasındakı sərhədin bulanıqlaşacağı, elektromaqnit aktivliyi, kiber əməliyyatlar və orbitdə gizli müdaxilələrin davam edəcəyi bildirilir.

Qeyd edilir ki, həmin dövrə qədər Çin və Rusiya ilə genişmiqyaslı açıq müharibə gözlənilmir, lakin kosmos və digər sahələrdə uzunmüddətli rəqabət davam edəcək.

Analitiklər Çinin “informasiya əsaslı” və “intellektual müharibə” konsepsiyasına uyğun olaraq kosmik sektora investisiyalar etdiyini bildirirlər. Pekinin 2040-cı ilə qədər kosmik güc baxımından ABŞ-la eyni səviyyəyə çıxmağı hədəflədiyi də qeyd olunur.

Hesabatda Çinin həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı texnologiyalar inkişaf etdirdiyi vurğulanır. Bunlara yönləndirilmiş enerji silahları, süni intellekt əsaslı silah sistemləri, “beyin–kompüter” interfeysləri və işıq, səs və elektromaqnit dalğalarını idarə edə bilən “metamateriallar” daxildir.

Samir

0