“Journal of Environmental Management” jurnalında dərc edilən “Günəş panellərinin və idarəetmənin torpaq mezofaunasına, tənəffüs proseslərinə və bitki xüsusiyyətlərinə təsiri Fransanın iki cənub bölgəsindəki günəş parklarında” adlı araşdırma Fransada 20 günəş elektrik stansiyasının torpaq və bitki örtüyünə gözlənilməz təsir göstərdiyini ortaya çıxarıb.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, günəş stansiyaları ətraf mühitdə mikroiqlimi dəyişdirərək torpağın “nəfəs alma” prosesini gücləndirir və bitki örtüyünün inkişafına təsir edir. Alimlər qeyd edirlər ki, torpaq canlı sistem kimi davranır və günəş panelləri onun bioloji aktivliyini artırır.
Araşdırmada bildirilir ki, günəş panellərinin yaratdığı kölgə torpağın rütubətini və temperaturunu tənzimləyərək onun daha aktiv “işləməsinə” şərait yaradır. Nəticədə həm stansiya ərazisində, həm də onun ətrafında bitkilərin inkişafı sürətlənir.
Bundan əlavə, bəzi nadir və nəsli kəsilməkdə olan növlərin də bu ərazilərə cəlb olunduğu və günəş panelləri ətrafında daha yaxşı inkişaf etdiyi müşahidə olunub. Bu, günəş elektrik stansiyalarının müəyyən hallarda ekosistem üçün əlverişli mühit yarada biləcəyini göstərir.
Samir


