Avropa İttifaqı (Aİ) sənayeni qlobal qeyri-sabitlik şəraitində iqtisadi artımın və təhlükəsizliyin əsas dayağı kimi görür.
HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis Hannoverdə keçirilən forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi və enerji böhranı kimi bir sıra böhranlara baxmayaraq, sənaye Aİ iqtisadiyyatının əsas sütunu olaraq qalır.
“Sənaye Avropa iqtisadiyyatının əsas tərkib hissəsi olaraq qalır”, deyə Dombrovskis qeyd edib.
Komissar vurğulayıb ki, müasir dövrdə iqtisadi güc birbaşa təhlükəsizliklə əlaqəlidir: “Daha güclü və məhsuldar Avropa iqtisadiyyatı təkcə iqtisadi məqsəd deyil, bu, strateji zərurətdir”.
Onun sözlərinə görə, məhz buna görə rəqabət qabiliyyəti Avropa Komissiyasının siyasətində mərkəzi yer tutur. “Competitiveness Compass” proqramı çərçivəsində tənzimləmələrin sadələşdirilməsi nəzərdə tutulur ki, bu da biznesə ildə ən azı 15 milyard avro qənaət imkanı yaradacaq.
Dombrovskisin açıqlamasına görə, hazırda Aİ-də sənayenin ümumi əlavə dəyərdə payı təxminən 16 faizdir və bu göstərici ABŞ və Böyük Britaniya ilə müqayisədə daha yüksəkdir. Pandemiyadan sonra sənaye sektoru təxminən 7 faiz artım göstərib.
Yüksək texnologiyalı sahələrdə, o cümlədən əczaçılıq və elektronika istehsalında da əlavə artım qeydə alınıb. Sənaye həmçinin əmək bazarında mühüm rol oynayır - işçilərin təxminən 14 faizi bu sektorda çalışır. Pandemiyadan sonra yüksək texnologiyalı istehsalda məşğulluq 4,1 faiz artıb.
Avropa Komissiyası enerji təzyiqinin azaldılması üçün tədbirlər hazırlayır. Bunlara elektrik enerjisi üzrə vergilərin azaldılması, enerji şəbəkələrinin modernləşdirilməsi və emissiya ticarəti sisteminin təkmilləşdirilməsi daxildir. Eyni zamanda üzv ölkələrlə birlikdə strateji neft ehtiyatlarının istifadəsi koordinasiya olunur.
Uzunmüddətli perspektivdə Aİ iqtisadiyyatın struktur transformasiyasını planlaşdırır. Bu, bərpa olunan enerji və elektrikləşmə istiqamətinə yönəlir. Bununla belə, bəzi sahələrin hələ də fosil yanacaqlardan asılı olduğu qəbul edilir və enerji müstəqilliyinin gücləndirilməsi zəruri sayılır.
Dombrovskis çıxışının sonunda Avropanın iqtisadi potensialının reallaşdırılması üçün sürətli addımların vacibliyini vurğulayıb: “Biz nə etməli olduğumuzu bilirik. Bu, təcili vəzifədir və hərəkətsizliyin qiyməti çox yüksəkdir".
Məlumata görə, Aİ qlobal rəqabətdə ABŞ və Çinə uduzduğunu qəbul edərək istehsal bazasını gücləndirməyə çalışır. Bu məqsədlə yeni “Industrial Acceleration Act” sənaye sürətləndirmə proqramının işə salınması qərara alınıb.
Samir


