Amerikalı tədqiqatçılar Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında Bibliyada təsvir edilən Nuhun gəmisinin otaqlarına bənzər yeraltı strukturların ola biləcəyini iddia ediblər.
HİT.az xəbər verir ki, bu barədə “Daily Mail” (DM) yazır.
“Noah’s Ark Scans” layihəsinin tədqiqatçıları georadar vasitəsilə aparılan araşdırma zamanı obyektin altında nizamlı boşluqlar şəbəkəsi aşkar ediblər. Tədqiqatçı Endryu Consun sözlərinə görə, bu “koridorlar” mərkəzdə yerləşən daha böyük bir boşluğa birləşir və o, bunu “atriuma bənzər” struktur kimi təsvir edir. Alimlərin fikrincə, bu quruluş Nuhun gəmisinin bir neçə bölmədən ibarət olması barədə təsvirlərlə uyğun gələ bilər.
Əlavə məlumatlar infraqırmızı termoqrafiya vasitəsilə də əldə olunub. Bu üsul da ətraf süxurlardan fərqlənən gizli strukturların mövcudluğunu göstərib. Daha əvvəl, 2024-cü ildə tədqiqatçılar səthdən 6 metr dərinlikdə bucaqlı formalı obyektlər aşkar etmişdilər ki, bu da yeraltı otaqların ola biləcəyinə işarə kimi qiymətləndirilir.
Torpaq analizləri kaliumun yüksək miqdarını göstərib. Bu, ağac materialının parçalanması ilə əlaqələndirilə bilər. Bundan əlavə, ərazidə bitki örtüyünün rəng fərqi də qeydə alınıb ki, bu da torpaq tərkibində dəyişiklik ehtimalını artırır.
Durupınar forması 1948-ci ildə güclü yağışlar və zəlzələlərdən sonra aşkar edilib. Onun ölçüləri Bibliyada göstərilən gəmi təsvirinə təxminən uyğun gəldiyi üçün uzun illər müzakirə mövzusu olub. Bununla belə, əksər geoloqlar bu strukturu təbii geoloji formasiya hesab edir.
Tədqiqatçılar vurğulayırlar ki, əldə olunan nəticələr hələlik süni mənşəli strukturun sübutu deyil. Gələcəkdə qazıntılar və kameralar vasitəsilə
daxili boşluqların birbaşa araşdırılması planlaşdırılır.
Samir


