ABŞ-da ikinci əl məhsullara tələbat artır: Səbəb nədir?

DÜNYA
17:25 / 22.04.2026
48

Amerikalılar xərcləri azaltmaq və pula qənaət etmək üçün getdikcə daha çox ikinci əl geyimlərə üstünlük verirlər. 

HİT.az “The Independent”ə istinadən xəbər verir ki, bu barədə Bank of America İnstitutunun yeni hesabatında məlumat verilib.

İstehlakçılar yalnız ikinci əl mağazalara daha çox müraciət etmir, həm də hər alışa daha az pul xərcləyirlər. Araşdırmaya əsasən, mart ayında bir ev təsərrüfatına düşən sekond-hend əməliyyatları ümumi xərclərdən 9 dəfə daha sürətli artıb. 2025-ci ilin aprelindən etibarən isə bütün gəlir qruplarından olan alıcılar bir alış üçün daha az xərcləməyə başlayıb.

“Son illərdə sekond-hend sənayesi sosial şəbəkələrin təsiri ilə sürətlə populyarlaşır. Xeyriyyə mağazalarından tapılan ‘uğurlu alışlar’ videoları tez-tez viral olur”, deyə məqalədə bildirilir.

Xüsusilə Z nəsli bu bazarda aktivdir. Bir çox gənc üçün davamlı moda marağı əlavə gəlir mənbəyinə də çevrilib. Bu il Gen Z nümayəndələri ikinci əl geyim satıcılarının 41%-ni təşkil edib (2024-cü ildə bu rəqəm 37% idi).

Ümumilikdə Bank of America müştəriləri arasında ikinci əl məhsul satanların sayı mart ayında ötən illə müqayisədə 16% artıb.

Qeyd olunur ki, sekond-hend alış-verişi bir çox amerikalıya artan yaşayış xərcləri ilə mübarizə aparmağa kömək edir və eyni zamanda ətraf mühitin qorunmasına töhfə kimi qəbul edilir.

Hesabatda bildirilir ki, inflyasiya və rüsumlar səbəbindən pərakəndə satış sektorunda xərclər artıb və geyim qiymətləri kəskin yüksəlib. Hazırda geyim qiymətləri təxminən 100 il əvvəlkindən 5 dəfə yüksəkdir. Bu şəraitdə ikinci əl geyim daha əlçatan və ekoloji alternativ kimi çıxış edir.

Mart ayında ABŞ-də inflyasiya da artıb: aylıq 0,9%, illik isə 3,3% təşkil edib. Federal Ehtiyat Sistemi isə 2%-lik hədəf inflyasiya səviyyəsini əsas götürür.

Eyni Bank of America İnstitutunun məlumatına görə, 2024-cü ildə ABŞ ev təsərrüfatlarının təxminən dörddə biri “maaşdan maaşa” yaşayırdı. Bu göstərici artmaqda davam etsə də, artım tempi əvvəlki illə müqayisədə yavaşıyıb.

Eyni zamanda amerikalılar pensiya dövründə maliyyə sabitliyinə daha az güvənirlər: sorğulara görə, respondentlərin yalnız 64%-i öz pensiya yığımlarından əmindir.

Qeyd edilir ki, sekond-hend yalnız qənaət yeri deyil – bir çox alıcılar burada antik və unikal əşyalar axtarırlar. Onların arasında vintaj bar qabları, Viktoriya dövrü mebelləri, çaydanlar, gümüş məmulatlar, nadir keramika və bəzək əşyaları da var.

Samir

0