ABŞ-İran arasında danışıqlar yenidən başlaya bilər.
Belə ki, bu barədə yeni iddia yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin bu axşam Pakistanın paytaxtı İslamabada gedəcəyi iddia olunur. Pakistanın “Geo TV” telekanalının mənbələrə istinadən yaydığı məlumata əsasən, ABŞ nümayəndə heyətinin mümkün gəlişinə hazırlığa cavabdeh olan amerikalı logistika və təhlükəsizlik mütəxəssisləri artıq Pakistanın paytaxtındadır. Bunun ardından tərəflər arasındakı görüşün ikinci raundunun həftəsonu keçirilə biləcəyinə dair iddialar yayıldı.
Bəs bu iddialar nə dərəcədə doğrudur? ABŞ-İran danışıqlarının ikinci raundu bu həftəsonu davam etdiriləcək?
Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, hazırkı geosiyasi kontekstdə İran, ABŞ və İsrail arasındakı münasibətlər kifayət qədər həssas bir mərhələdədir:
“Bu səbəbdən də belə iddialara ehtiyatla yanaşmaq lazımdır deyə düşünürəm. Abbas Əraqçi kimi yüksək səviyyəli İran rəsmisinin İslamabad səfəri ilə bağlı məlumatlar müəyyən diplomatik aktivliyin artdığını göstərir. Lakin bu səfər iddiası ABŞ ilə birbaşa və ya dolaylı danışıqların başlanacağı anlamına gələ bilməz. Adətən bu kimi səfərlər regional oyunçularla koordinasiya, mövqelərin uyğunlaşdırılması və ya vasitəçilik imkanlarının müzakirəsi məqsədi daşıyır”.
Onun sözlərinə görə, həftəsonu ABŞ ilə İran arasında görüşün keçiriləcəyi ilə bağlı yayılan iddialar daha çox informasiya mühitində spekulyativ xarakter daşıya bilər:
“Lakin bu ehtimal da var. Belə yüksək səviyyəli görüşlər xüsusilə də gərgin münasibətlər fonunda adətən əvvəlcədən diplomatik kanallarla təsdiqlənir. Hazırda isə bu istiqamətdə real danışıqlar fonunda hər hansısa bir addımlar atıla biləcəyini zənn etmirəm.
Məncə, tərəflər arasında görüşün ikinci raundu yalnız ilkin təmasların artıq baş tutduğu və müəyyən nəticə verdiyi halda real görünə bilər. Nəzərə almaq lazımdır ki, iki ölkə arasındakı danışıqlar sanki dalana dirənib. Çünki hər iki tərəfin konkret şərtləri var. Üstəlik, İran və Amerikanın bir-birlərinə qarşı təqdim etdikləri şərtləri qəbul etmələri bir az çətin görünür”.
Tamilla Qulami görüş ehtimalını istisna etməsə də, hazırkı vəziyyətdə baş tutma ehtimalını zəif qiymətləndirir:
“Əslində, görüşsüz nəyinsə nəticələnməsini gözləmək sadəlövhlik olar. Bütün hallarda ən ağır müharibələr belə danışıqlar masasında yekunlaşıb. Ümumilikdə isə mövcud vəziyyətdə bu iddialar tam təsdiqlənməmiş fakt kimi deyil, ehtimal və informasiya sızması səviyyəsində də qiymətləndirmək daha doğru yanaşma olardı”.
Elmir Mustafa



