Yerdən kənar intellektli həyatla bağlı siqnal aşkar edildikdə ilk addımın dərhal “Twitter”ə qaçmaq olmayacağı artıq rəsmi qaydalarla təsdiqlənib. Radikal şəkildə yenilənən yeni protokollara görə, kəşf tam təsdiqlənmədən heç bir açıqlama verilə bilməz.
HİT.az xəbər verir ki, Beynəlxalq Astronavtika Akademiyası (IAA) nəzdində fəaliyyət göstərən “SETI Komitəsi” dünya kənarı intellektli həyatın mümkün kəşfi zamanı tətbiq olunacaq “kəşfdən sonrakı protokolları” yenidən hazırlayaraq qüvvəyə mindirib. Əvvəlki versiya 2010-cu ilə aid idi. O vaxtdan bəri dünya ciddi şəkildə dəyişib: sosial media, deepfake məzmunlar və ani qlobal yayılma hər hansı məlumatın bir neçə dəqiqə içində milyonlara çatmasına səbəb olur. Eyni zamanda SETI tədqiqatları da artıq yalnız klassik radio siqnallarla məhdudlaşmır; elektromaqnit spektrinin demək olar ki, bütün diapazonu potensial texnoloji izlər üçün fasiləsiz şəkildə izlənir.
Yeni protokolların əsas prinsipi budur: bir tədqiqatçı qeyri-adi siqnal aşkar etdikdə bunu ictimaiyyətlə bölüşmək əvəzinə, əvvəlcə öz nəticəsini təkzib etməyə çalışmalıdır. Təsdiqləmə prosesi üçün ən azı bir neçə müstəqil rəsədxananın fərqli cihazlarla eyni nəticəyə gəlməsi tələb olunur. Elmi konsensus formalaşmadan heç bir açıqlama verilmir. Əgər kəşf təsdiqlənərsə, bu dəfə tam əks proses başlayır: istifadə olunan bütün məlumatlar, metodlar və proqram kodları qlobal elmi ictimaiyyətə və ictimaiyyətə açıq şəkildə təqdim olunur.
Protokollar yalnız elmi prosedurlarla məhdudlaşmır. Son illərdə böyük kəşflər edən tədqiqatçıların onlayn təzyiq və təhdidlərlə üzləşməsi nəzərə alınaraq, yeni qaydalar institutlara öz alimlərini fiziki və rəqəmsal hücumlardan qorumaq öhdəliyi də yükləyir. Digər mühüm problem isə “Starlink” kimi peyk şəbəkələri və mobil rabitə sistemlərinin yaratdığı radio tezlik çirklənməsidir. Sənədə görə, bu müdaxilələrin azaldılması üçün beynəlxalq səviyyədə təcili qoruma mexanizmi yaradılmalıdır.
Ən mübahisəli məqam isə cavab verib-verməmək məsələsidir. Kosmosa məqsədli mesaj göndərmək ideyası elmi dairələri iki yerə bölür. Yeni qaydalar burada sərt bir çərçivə müəyyən edir: geniş beynəlxalq məsləhətləşmə prosesi tamamlanmadan kosmosa heç bir cavab göndərilə bilməz. Bu qərarı tək bir institut və ya ölkə deyil, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində insanlıq birgə verməlidir.
Avqust ayında Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təqdim olunacaq bu çərçivə daha sonra BMT-nin təsdiqinə çıxarılacaq.
Samir


