ABŞ-İran savaşı: Tamam, yoxsa davam?

DÜNYA
12:15 / 12.06.2026
117

“ABŞ və İsrailin İranla müharibəsi aylardır davam edir”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, bu münaqişənin necə bitəcəyi haqqında aydın təsəvvür ortaya qoymaq mümkün deyil:


“Bir neçə onillikdir ki, Qərb dünyası İranın nüvə bombasına doğru irəliləməsini ləngitməyə çalışır. Lakin indiyədək heç nəyə nail olunmayıb. Bu o deməkdir ki, Qərbin atdığı addımlar uğursuzdur, yəni apardığı siyasət düzgün deyil. Başda Amerika olmaqla Qərb dövlətləri ya bunu anlamırlar, ya da anlamaq istəmirlər”.

Onun sözlərinə görə, Donald Tramp və bütövlükdə ABŞ diplomatiyası görür ki, İranla bacara bilmir:
“Çünki bu müharibədə məqsəd artıq bir neçə istiqamətə ayrılıb. Söhbət tək nüvə silahında yox, dünyada nüfuz və hökmranlıq iddiasındadır. Dünya dövlətlərinin beynəlxalq siyasətdə yeri və rolu sürətlə dəyişir: kimlərsə imic itirir, kimlərsə imic qazanır. 

Hazırkı vəziyyəti təhlil edəndə görünür ki, ciddi hərbi həmlələrdən nəticə qazana bilməyən Vaşinqtonun məqsədi tammiqyaslı müharibədən çox hərbi təzyiq vasitəsilə Tehranın danışıqlarda güzəştə getməsinə nail olmaqdır. Son günlərdə ABŞ-nin İran hədəflərinə zərbələr endirməsi və Trampın “əməliyyatlara davam edə bilərik” tipli açıqlamaları məhz “məcburetmə diplomatiyası” adlanan yanaşmaya bənzəyir”.

Ekspert qeyd edib ki, ABŞ rəsmiləri və Prezident Tramp son həmlə ilə sanki razılaşma əldə etmək istədiklərini bildirirlər:
“Başqa sözlə, hərbi əməliyyatları diplomatiyanı dəstəkləyən təzyiq aləti kimi təqdim etməyə çalışırlar. Nüfuzlu “Axios” nəşri yazır ki, ABŞ daxilində də bu zərbələrin məqsədinin İranı diplomatik razılaşmaya sövq etmək olduğu açıq şəkildə müzakirə olunur.  

Prezident Tramp da bir tərəfdən İranı daha sərt hücumlarla hədələyir, digər tərəfdən isə hələ də “yaxşı razılaşma” əldə etməyin mümkün olduğunu deyir. Bu, klassik “təzyiq et və danışıqlar təklif et” strategiyasına uyğundur”.

Novruz Novruzov hesab edir ki, Tramp ciddi müharibəyə başlamaqdan çəkinir:
“O, yaxşı başa düşür ki, il yarım ərzində apardığı siyasət iflas yolundadır. Buna görə də rəhbərlik etdiyi ölkənin nüfuzunu qorumaq və partiyasının hakimiyyətdə qalmasını təmin etmək üçün İran məsələsində uğur qazanmaq istəyir. Bu isə olduqca çətin görünür.

Bəs, belə bir təzyiq İranı güzəştə getməyə razı sala bilərmi? Ağlakəsən məsələ deyil. Çünki bu addım İranı məhvə aparar. Həm də İranın güzəştə razı olması dünyanın digər supergüclərinin və regional güclərin marağında deyil. Yəni, əl altdan İranı dəstəkləyən, onu silahlarla təmin edən qüvvələr mövcuddur, başqa sözlə, İran meydanda tək qalmayıb. İndiyədək Donald Tramp hücum etdiyi dövlətə qarşı beynəlxalq koalisiya qura bilməyib”.

Həmsöhbətimiz düşünür ki, əslində ABŞ və İsrail meydanda tək qalıb: 
“Qərbin işini çətinləşdirən də bu amildir. Deyilənləri belə yekunlaşdırmaq olar ki, bu tezliklə İranı nəyəsə məcbur etmək baş tutmayacaq. Əgər hərbi eskalasiya güclənərsə İran hansısa yüngül güzəştlərə razı ola bilər. Ancaq Trampın iddia etdiyi kimi tam məğlubiyyət mümkün deyil. Əvəzində isə Yaxın Şərqdə müharibə alovları artacaq.

Çox güman ki, İran “razılaşma” adlanan söhbətləri manevrlər sayəsində payıza qədər uzatmağa səy göstərəcək. Noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkilərində Trampın komandasının və partiyasının nə qazanacağı və ya itirəcəyindən çox şey asılıdır”.

Elmir Mustafa

0