Vensin mümkün səfəri ərəfəsində Cenevrəyə xüsusi avadanlıq çatdırılıb

DÜNYA
15:56 / 12.06.2026
46

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin mümkün Cenevrə səfəri üçün nəzərdə tutulan avadanlıq artıq İsveçrəyə çatdırılıb. 

HİT.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin icmalçısı səfərin planlaşdırılması prosesindən məlumatlı mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, iyunun 11-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd “C-17” hərbi-nəqliyyat təyyarəsi Vensin Cenevrədə qalmasının təmin edilməsi üçün lazım olan avadanlıqları Avropaya daşıyıb.

“Axios”un Ağ Evdəki dörd mənbəsi bildirib ki, ABŞ vitse-prezidenti Vaşinqtonun İranla qarşılıqlı anlaşma memorandumunun imzalanması mərasimində mümkün nümayəndəsi kimi nəzərdən keçirilir. Mərasimin iyunun 14-də Cenevrədə keçirilməsi ehtimal olunur.

Memorandumun məqsədi iki ölkə arasında gərginliyi azaltmaq və münaqişənin deeskalasiyasına yönəlmiş bir sıra tədbirləri həyata keçirməkdir.

Sənədə əsasən, İran Hörmüz boğazında kommersiya gəmilərinə hücum etməyəcəyini öhdəsinə götürür. Həmçinin Tehran İraq və Suriyadakı müttəfiqlərinin ABŞ obyektləri və hərbçilərinə qarşı hücumları dayandırmasına zəmanət verməlidir.

Bunun müqabilində ABŞ İrana qarşı tətbiq edilən sanksiyaların bir hissəsini yumşaltmağa razılaşır. Vaşinqtonun İrana xaricdə dondurulmuş maliyyə vəsaitlərinin müəyyən hissəsinə məhdud çıxış verməsi və bəzi malların idxalına icazə yaratması nəzərdə tutulur.

Samir
 

0