Kainatın sirlərini açacaq: Habbl teleskopundan 1000 dəfə daha sürətli

DÜNYA
18:59 / 17.06.2026
46

NASA-nın yeni nəsil kosmik teleskopu “Nancy Grace Roman” üçün geri sayım başlayıb. Yer kürəsindən təxminən 1,6 milyon kilometr uzaqlıqdakı bir nöqtədən kainatı müşahidə edəcək teleskopun Habbl-dan 1000 dəfə daha sürətli olduğu bildirilir.

HİT.az xəbər verir ki, NASA növbəti tarixi buraxılışa hazırlaşır. NBC News-un məlumatına görə, teleskop milyardlarla qalaktikanın panoramik görüntülərini çəkərək kosmosun geniş xəritəsini hazırlayacaq.

Məlumata əsasən, NASA bu rəsədxana vasitəsilə qaranlıq maddə və qaranlıq enerjinin sirrini açmağı, Günəş sistemindən kənarda minlərlə yeni planet kəşf etməyi hədəfləyir.

“Nancy Grace Roman” teleskopunun göy üzünü əvvəlki bütün teleskoplardan daha geniş bucaqla və yüzlərlə dəfə daha sürətli skan edəcəyi bildirilir.

NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzindən baş layihə alimi Julie McEnery teleskopun ilk bir aylıq müşahidələri ilə Süd Yolunun əvvəllər az öyrənilmiş bölgələrini araşdıracağını və yeni ulduzları üzə çıxaracağını deyib.

Bu məlumatlar nəticəsində indiyə qədər olduğundan daha geniş astronomik kataloqun yaradılacağı gözlənilir.

Teleskop 1959-cu ildə NASA-nın ilk astronomiya rəhbəri olan və “Habbl-ın anası” kimi tanınan Nancy Grace Romanın adını daşıyır. Qurğu Florida ştatındakı Kennedi Kosmik Mərkəzinə göndəriləcək və 30 avqustda SpaceX-in Falcon Heavy raketi ilə buraxılması planlaşdırılır.

Roman teleskopunun bir illik əsas xəritələmə missiyası kosmik tədqiqatlarda yeni mərhələ kimi qiymətləndirilir. Tək bir görüntünün Hubble-ın gördüyü səmanın 100 qat daha böyük hissəsini əhatə edəcəyi bildirilir. Əsas tədqiqat mərhələsində teleskop Süd Yolunun sıx ulduzlu mərkəzi hissəsinə də fokuslanacaq.

İkinci mərhələdə teleskop səmanın təxminən 12 faizini 1,5 ildən az müddətdə xəritələyəcək. Bu xəritə kainatın genişlənmə sürətinin ölçülməsinə imkan verəcək.

Üçüncü müşahidə isə 8 milyard il əvvələ aid supernova partlayışlarını araşdıraraq kainatın genişlənmə tarixini öyrənməyə kömək edəcək.

Toplanan məlumatların kainatın ən sirli iki fenomeni olan qaranlıq maddə və qaranlıq enerjinin anlaşılmasını asanlaşdıracağı bildirilir.

Teleskop Habbl-dan 1000 dəfə sürətli xəritəçəkmə aparacaq və hər görüntü Hubble müşahidələrindən ən azı 100 dəfə daha geniş sahəni əhatə edəcək.

“Roman” teleskopu həm Hubble, həm də James Webb teleskopu ilə birlikdə fəaliyyət göstərəcək. O, L2 Lagrange nöqtəsində sabit orbitdə yerləşəcək və Webb teleskopu ilə eyni kosmik bölgəni paylaşacaq.

NASA mütəxəssisləri bildirir ki, Roman tərəfindən aşkarlanan obyektlər daha sonra Hubble və Webb vasitəsilə daha detallı şəkildə araşdırılacaq.

Bütün çətinliklərə baxmayaraq, layihə planlaşdırılandan əvvəl və büdcədən daha aşağı xərclə tamamlanıb. İlk görüntülərin 2026-cı ilin sonlarında yayımlanması gözlənilir.

Samir
 

0