Alimlər müəyyən ediblər ki, Çin Min sülaləsinin süqutuna səbəb olan amillərdən biri 1640–1641-ci illərdə Filippinin cənubunda baş vermiş Parker vulkanının güclü püskürməsi ola bilər.
HİT.az xəbər verir ki, “Climate of the Past” jurnalında dərc olunan tədqiqata əsasən, bu təbii fəlakət ərzaq sistemlərini zəiflədib və bir-biri ilə əlaqəli iqlim və sosial təsirlər zənciri vasitəsilə siyasi böhranı dərinləşdirib.
Ənənəvi tarixşünaslıq Min sülaləsinin süqutunu zəif hökmdarlar silsiləsi, korrupsiya, iqtisadi tənəzzül, aclıq və kəndli üsyanları ilə izah edir. 1644-cü ildə Li Tsıçenin rəhbərlik etdiyi üsyançı ordu Pekini ələ keçirib, son Min imperatorunun isə intihar etməsi ilə təxminən 300 illik sülalə hakimiyyəti başa çatıb.
Lakin yeni araşdırma göstərir ki, təbii fəlakət bu prosesdə mühüm rol oynamış ola bilər. Böyük vulkan püskürmələri və iqlim dəyişikliklərinə dair məlumatları təhlil edən alimlər belə nəticəyə gəliblər ki, Parker vulkanı atmosferə böyük həcmdə sulfat aerozolları buraxıb. Bu maddələr günəş şüalarının bir hissəsini bloklayaraq qlobal soyumaya səbəb olub və Şərqi Asiyada musson sistemini pozub.
Nəticədə Çinin şimal bölgələrində uzunmüddətli quraqlıq güclənib, məhsul itkisi artıb və ərzaq qıtlığı yaranıb. Tədqiqatçılara görə, bu iqlim pisləşməsi aclığı dərinləşdirib, sosial narazılıqları artırıb və dövlət maliyyəsini zəiflədib.
Bu problemlər artıq mövcud olan digər çətinliklərlə — gümüş çatışmazlığı, şimal-şərqdən hərbi təzyiq və genişmiqyaslı kəndli üsyanları ilə üst-üstə düşüb. Nəticədə bu faktorlar dövlətin parçalanmasını sürətləndirərək Min sülaləsinin süqutunu qaçılmaz hala gətirmiş ola bilər.
Müəlliflər qeyd edirlər ki, əldə olunan nəticələr böyük vulkan püskürmələrinin son 2000 il ərzində Çin tarixində bir neçə sülalə çöküşü ilə əlaqəli olduğunu göstərən əvvəlki tədqiqatlarla da üst-üstə düşür.
Samir


