Avropada miqrantlar üçün ən qonaqpərvər ölkə seçildi - SİYAHI

DÜNYA
19:58 / 18.06.2026
44

Beynəlxalq “William Russell” şirkətinin apardığı araşdırmaya əsasən, Avropada miqrantlar və ekspatlar üçün ən qonaqpərvər ölkə İslandiya seçilib. Tədqiqatın məqsədi 2026-cı ildə dünya üzrə ekspatlar üçün ən əlverişli şəhər və ölkələri müəyyən etmək olub.

HİT.az xəbər verir ki, İslandiya yüksək inteqrasiya göstəriciləri ilə fərqlənir. Araşdırmaya görə, ölkədə ekspatların 84,2 faizi məşğulluqla təmin olunub, əhalinin təxminən dörddə biri isə miqrantlardan ibarətdir. Bundan əlavə, əhalinin 98 faizi ingilis dilini sərbəst istifadə edir. Nəticədə İslandiya ümumi qonaqpərvərlik göstəricisində 10 üzərindən 8,94 bal toplayıb.

Bununla yanaşı, ölkədə həyatın bəzi çətinlikləri də var. Yaşayış xərcləri dünyada ən yüksək səviyyələrdən biri hesab olunur və xüsusilə Reykyavikdə Şveytsariya və Sinqapurla müqayisə edilir. Qış aylarında isə gün işığının çox qısa olması da adaptasiyanı çətinləşdirir: dekabrda günəş işığı cəmi təxminən 4 saat davam edir.

İkinci yeri Lüksemburq tutub. Ölkədə əhalinin 51,2 faizi miqrantlardan ibarətdir ki, bu da yeni gələnlərin artıq formalaşmış beynəlxalq mühitə düşməsini asanlaşdırır. Lüksemburq həmçinin yüksək həyat keyfiyyəti, sosial göstəricilər və mənzil şəraiti ilə yüksək bal toplayıb.

Gözlənilməz şəkildə Yeni Zelandiya da yüksək mövqe qazanıb və ənənəvi olaraq daha populyar hesab edilən Avstraliyanı geridə qoyub. Burada miqrantların məşğulluq səviyyəsi daha yüksəkdir və viza əldə etmək prosesi nisbətən daha asandır. Yeni Zelandiya 55 yaşa qədər ixtisaslı mütəxəssislərə viza müraciəti imkanı verdiyi halda, Avstraliyada bu hədd 45 yaşdır.

Şəhərlər üzrə reytinqdə birinci yeri İsveçrənin Sürix şəhəri tutub. Şəhər təhlükəsizlik və aşağı sosial gərginlik göstəricilərinə görə yüksək qiymətləndirilib.

Yüksək yaşayış xərclərinə baxmayaraq, Sürix yüksək maaşlar və həyat standartları səbəbilə ekspatlar üçün cəlbedici mərkəz olaraq qalır.

Əksinə, Yaponiya və Cənubi Koreya siyahının aşağı pillələrində yer alıb. Bu ölkələrdə miqrantların əmək bazarına inteqrasiyası daha çətindir. Cənubi Koreyada miqrantların məşğulluq səviyyəsi 5,3 faiz, Yaponiyada isə 2,8 faiz təşkil edir.

“William Russell” şirkətinin direktoru Uilyam Kuper bildirib ki, ölkənin populyarlığı hər zaman adaptasiyanın asan olması demək deyil. Onun sözlərinə görə, ekspatların ən böyük səhvlərindən biri məşhur ölkələrin problemsiz köç təmin edəcəyini düşünməkdir. Əsl çətinliklər isə ilk aylarda — səhiyyə sisteminə uyğunlaşma və sabit gəlir mənbəyi tapmaq mərhələsində ortaya çıxır.

2026-cı il üzrə ən qonaqpərvər 10 ölkə

1. İslandiya
2. Lüksemburq
3. Yeni Zelandiya
4. Avstraliya
5. İsveçrə
6. İrlandiya
7. Kolumbiya
8. Çexiya
9. Portuqaliya
10. Avstriya

Samir

0