Ölüm faizi 97-yə çatdı - Epidemiya fəlakətə çevrildi

DÜNYA
15:05 / 18.06.2026
47

Avstraliyalı elm adamları, Heard Adasında quş qripinin fok balalarında kütləvi ölümə səbəb olduğunu və bəzi bölgələrdə ölüm nisbətinin 97 faizə qədər yüksəldiyini müəyyən edib.

HİT.az xəbər verir ki, araşdırma 2025-ci ilin oktyabrından 2026-cı ilin yanvarına qədərki dövrdə Avstraliyaya bağlı Heard və McDonald adalarında aparılıb. Tədqiqatda dron görüntüləri, 9 heyvandan götürülən nümunələr və genom analizləri istifadə olunub.

Elm adamları bölgədə kral və gentoo pinqvinləri, dəniz filləri və Antarktika xəz suitisi daxil olmaqla 6 fərqli növdə H5N1 quş qripi virusunu aşkar edib. Heard Adasında ümumilikdə 17 364 fok balasından 13 359-nun, yəni təxminən 76,9 faizinin virus səbəbilə öldüyü bildirilib.

Tədqiqatçılar bəzi ərazilərdə fok balaları arasında ölüm nisbətinin 97 faizə qədər yüksəldiyini, pinqvin populyasiyasında da gözləniləndən yüksək itkilər qeydə alındığını açıqlayıb. Virusun adalara 2025-ci ilin avqustunda çatdığı ehtimal edilir.

Avstraliya Ətraf Mühit naziri Murray Watt araşdırmanın nəticələrini “şok edici” kimi qiymətləndirib. Bir milyondan çox dəniz quşu və su məməlisinə ev sahibliyi edən bölgədə vəziyyətin ekosistem üçün ciddi risk yaratdığı bildirilir.

Samir

0