Çin NATO-nu dünyadakı roluna yenidən baxmağa çağırdı

DÜNYA
17:14 / 18.06.2026
43

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bildirib ki, NATO Soyuq müharibə dövrünün məhsulu kimi dünyadakı rolu və qlobal sabitliyə təsiri barədə yenidən düşünməlidir.

HİT.az xəbər verir ki, o, bu barədə "RİA Novosti" agentliyinə açıqlamasında danışıb.

Diplomat qeyd edib ki, alyans Çinlə bağlı yanlış təsəvvürlərini dəyişməlidir: "NATO Çin haqqında yanlış yanaşmalarını düzəltməli, qarşıdurmanı təhrik etməkdən və məsuliyyəti başqalarının üzərinə atmaqdan imtina etməlidir".

İyunun 17-də NATO-nun baş katibi Mark Rütte bəyan edib ki, iyunun 23-də ABŞ-a səfər edəcək. Məqsəd 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Vaşinqtonla münasibətlərdə yaranmış gərginliyi azaltmaqdır. Məlumata görə, Rütte ABŞ rəsmiləri ilə görüşlər zamanı avropalı ölkələrin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin bərpası istiqamətində gördükləri tədbirləri də müzakirə edəcək.

Alyans rəsmilərindən birinin sözlərinə görə, ABŞ və İran arasında əldə olunmuş razılaşmadan sonra NATO-nun mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib.  Mənbə hesab edir ki, bu vəziyyət NATO sammitində ABŞ Prezidenti Donald Trampın daha rahat mövqedə çıxış etməsinə imkan yaradacaq.

Bundan əvvəl Mark Rütte Ukrayna ilə bağlı açıqlamasında bildirmişdi ki, Kiyev sülh danışıqları naminə Rusiya ərazisinə zərbələr endirmək imkanlarını məhdudlaşdırmamalıdır.

Samir
 

0