Köçəryan buna görə həbs olunur – ŞOK DETALLAR

DÜNYA
16:00 / 18.06.2026
319

“Ermənistanda Robert Köçəryanın həbsinə hazırlıq getməsi gözlənilən hadisə idi”. 

Bu sözləri siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında diqqətçəkən fikirlər səsləndirib:


“Paşinyan seçkiqabağı sərt tədbirlərə əl atmaq istəmədiyini söyləyib. O, ad çəkmədən sərt tədbirlərə əl atmaq istədiyini, amma seçkidən sonra bunları edəcəyinə söz verdiyini bildirib. İndi demək olar ki, Paşinyan öz vədlərini yerinə yetirməyə başlayıb. 

O, hələ seçkidən qabaq bildirmişdi ki, “Mən insanlarla görüşəndə soruşurlar ki, 2008-ci il martın 1-də insanları öldürən Robert Köçəryan nəyə görə azadlıqdadır? Bunu xalq məndən soruşur və mən cavab tapa bilmirəm”. Yəni erməni xalqı da Köçəryanın həbs olunmalı olduğunu düşünür”.

Ekspert qeyd edib ki, artıq Köçəryanın həbsinə hazırlıq prosesinə start verilib:
“Nəzərə almaq lazımdır ki, seçki ərəfəsində Nikol Paşinyan Rusiyanın dəstəklədiyi üçbaşlı əjdahanın məhv ediləcəyini deyib. Burada söhbət rusiyalı milyarder, “Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyan, Ermənistan blokunun rəhbəri və baş nazirliyə namizədi Robert Köçəryan və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanınnan gedir. Onların hər üçü Rusiyanın siyasi təlimatı ilə hərəkət edən müxalifət liderləridir. 

Ona görə də bütün bunların həbsə atılacağı, yəni hədəfə gələcəyi gözlənilən idi. Artıq Samvel Karapetyan həbsdədir. O, bir ilə yaxındır gah həbsdə, gah ev dustaqlığında olur. Artıq Robert Köçəryanın da həbsinə hazırlıq gedir. Mərkəzi Seçki Komissiyası onun toxunulmazlığının ləğvinə dair razılıq verib. Yəqin ki, tezliklə Xocalı qatilini həbsxana barmaqlıqları arxasında görəcəyik”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Qaqik Tsarukyanın da 300 milyon dollar vəsaiti mənimsəməkdə ittiham edilərək barəsində cinayət işinin açılacağı gözlənilir:
“Bu baxımdan da Paşinyanın məqsədinə çatdığını və Rusiyanın dəstəklədiyi üçbaşlı əjdahanın üçünün də başını “kəsməyə” nail olduğunu deyə bilərik. Lakin hesab edirəm ki, Robert Köçəryanın həbsi və toxunulmazlığının ləğvi, onun mandatdan məhrum edilməsi heç də 2008-ci ilin 1 mart hadisələri və ya seçkilərdə yol verilmiş qanun pozuntuları ilə bağlı deyil. Əslində, Köçəryanın həbsi onun parlamentə düşmək təhlükəsinin qarşısını almağa hesablanıb. 

Çünki Samvel Karapetyan xarici ölkə vətəndaşı olduğuna görə deputat mandatı ala bilməz. Buna baxmayaraq, Karapetyanın partiyası artıq 29 mandatla parlamentdə təmsil olunmaq hüququ qazanıb. Belə bir vəziyyətdə əsas müxalifət lideri kimi parlamentdə təmsilçilik hüququnu əldə edən Robert Köçəryandır.

Eyni zamanda, Qaqik Tsarukyan da 4 faizlik barajı keçə bilmədiyinə görə parlamentə düşə bilməyib. Bu baxımdan Robert Köçəryanın şansları genişlənir. Ona görə də artıq Köçəryan gələcəkdə özünü parlamentdəki müxalifət fraksiyalarının baş nazirliyə vahid namizədi kimi görür”.

Müşfiq Abdulla xatırladıb ki, parlamentin əvvəlki tərkibində müxalifət ümumilikdə 34 deputat malik idi:
“Həmin vaxt Paşinyana qarşı bir neçə dəfə etimadsızlıq məsələsi qaldırılsa da və impiçment elan olunması üçün imzalar toplansa da, onu gündəliyə çıxara bilmədilər. Çünki buna nail olmaq üçün Ermənistan parlamentində müxalifətə 36 səs lazım idi. İndi isə Ermənistan müxalifəti 41 mandat qazanıb. Yəni bu məsələni artıq gündəliyə çıxarmaq və ona alternativ irəli sürmək imkanı var. Lakin baş nazirliyə namizədin, baş nazirə impiçmentin göstərilməsi və təkrar baş nazir seçkilərinin keçirilməsi üçün 54 mandat lazımdır. 

Yəni müxalifət 54 səsə malik olmasa da, ümumilikdə 41 mandat imkan verir ki, baş nazirə qarşı impiçment məsələsini gündəliyə çıxartsın və özünün namizədini irəli sürsün. Həmin şəxs də Rusiyanın sifarişi ilə Robert Köçəryan ola bilər. Ona görə də Paşinyan Köçəryanı artıq potensial təhlükə kimi görür. Baş nazir növbəti impiçmentin və ya dövlət çevrilişi təhlükəsinin qarşısını almaq üçün indidən onu zərərsizləşdirməyə qərar verib”.

Siyasi şərhçi hesab edir ki, tezliklə Xocalı qatili Robert Köçəryan həbs olunacaq:
“Çox güman ki, yaxın zamanda Robert Köçəryan deputat mandatından məhrum edilməklə, toxunulmazlığı ləğv edilməklə məhbus həyatı yaşayacaq. Lakin onun liderlik etdiyi Ermənistan blokuna 12 mandat verilib və artıq oradan Robert Köçəryan və iki nəfər əlavə namizəd həbs olunur. Həbs olunması üçün Mərkəzi Seçki Komissiyası razılıq verib və onların səsləri, deputat yerləri azalır. 

Eyni zamanda, Samvel Karapetyanın blokundan da artıq bəzi şəxslərin həbsi başlanılıb. Yəni onların da sıraları seyrələcək və bu da gələcəkdə parlamentdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının səslərinin üstünlük təşkil etməsini təmin edəcək. Ona görə də düşünürəm ki, Nikol Paşinyan qarşıya qoyduğu strategiyaya nail olmaq üçün bütün sərt tədbirlərə əl ataraq Robert Köçəryanın həbsini həyata keçirəcək”.

Elmir Mustafa

0