ABŞ Prezidenti Donald Trampın artıq Ukraynanın bu gün qalib tərəf olduğunu, Rusiya Prezidenti Vladimir Putinin isə məğlub vəziyyətdə olduğunu anladığı bildirilir. Bu qiymətləndirmə “G7” sammitinin yekunları fonunda səsləndirilib.
HİT.az xəbər verir ki, bu barədə “The Economist” nəşri Fransa diplomatik mənbəsinə istinadən yazıb.
Qeyd olunur ki, yeddi ölkə, o cümlədən ABŞ, Ukraynaya “sarsılmaz dəstəyini” bir daha təsdiqləyib və Rusiyaya qarşı təzyiqlərin artırılacağını bəyan edib. Yeni sanksiya paketi xüsusilə neft və qaz sektorunu əhatə edir. Eyni zamanda, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin, uzaqmənzilli silahların verilməsi və müttəfiq silahlarının Ukraynada lisenziya əsasında istehsalı imkanının nəzərdən keçirilməsi planlaşdırılır.
Fransa Prezidenti Emmanuel Makron müzakirələr zamanı “Evian anı” adlandırılan konsepsiyaya istinad edib. Almaniya Kansleri Fridrix Merz isə ABŞ və Avropa arasında münasibətlərdə “yeni ton”un formalaşdığını bildirib.
Diplomatik mənbənin sözlərinə görə, “indi Tramp üçün aydındır ki, bu gün ukraynalılar qalibdir, məğlub tərəf isə Putindir”.
Bununla belə, diplomatlar Trampın Ukrayna müharibəsinə münasibətinin hələ də proqnozlaşdırılması çətin olduğunu vurğulayır. Avropada onun mövqeyini tez-tez dəyişdirdiyi və uzunmüddətli beynəlxalq münaqişələrdən uzaq durmağa meyilli olduğu xatırladılır.
Əvvəllər bildirilmişdi ki, Donald Tramp ABŞ müdafiə şirkətlərindən silahların Avropa və Ukraynada lisenziya əsasında istehsalını nəzərdən keçirməyi xahiş edəcək. Onun sözlərinə görə, bu imkanın yaradılması məsələsi hazırda müzakirə olunur.
“G7” sammitinin yekunlarına əsasən, liderlər Ukraynaya istehsal gücünün artırılması üçün lisenziyaların verilməsi, həmçinin əlavə hava hücumundan müdafiə sistemləri və raket əleyhinə vasitələrin tədarükünün genişləndirilməsi barədə razılığa gəliblər.
Samir


