Makronla Merz Putinlə təmaslara qarşı çıxdı: Aİ iki yerə bölündü

DÜNYA
14:07 / 19.06.2026
44

Avropa İttifaqı daxilində Rusiya Prezidenti Vladimir Putinlə diplomatik təmasların qurulması məsələsi ciddi fikir ayrılığı yaradıb və blok faktiki olaraq iki mövqeyə bölünüb.

HİT.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Məlumata əsasən, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merz Aİ səviyyəsində Rusiya ilə dialoqa cəhdləri tənqid ediblər. Onlar hesab edirlər ki, hazırkı mərhələdə Moskva ilə danışıqlara başlamaq vaxtı deyil və Avropanın əsas prioriteti Ukraynaya dəstək olmalıdır.

Məsələ Brüsseldə keçirilən və 2010-cu ildən bəri ilk dəfə Viktor Orbanın iştirak etmədiyi sammitdə müzakirə olunub. Qapalı danışıqlarda Makron və Merz Aİ Şurasının rəhbəri Antoniu Koşta tərəfindən Rusiya ilə əlaqə qurmaq cəhdlərinə ehtiyatla yanaşıblar.

Bununla belə, bir sıra digər Avropa liderləri Koştanın mövqeyini dəstəkləyib və Aİ-nin Rusiya ilə mümkün kommunikasiya kanallarını saxlamasının vacibliyini vurğulayıblar. Diplomatik mənbələrə görə, tərəflər arasında gərgin müzakirələr baş verib.

Estoniyanın baş naziri Kristen Mixal bildirib ki, Aİ-nin vasitəçi rolunu öz üzərinə götürməsi düzgün deyil və tarix avtoritar rejimlərlə alternativ danışıqlar mexanizmlərinin təhlükəli nəticələrini göstərir.

Məlumatda qeyd olunur ki, Aİ daxilində Rusiya ilə mümkün təmasların forması və kim tərəfindən aparılacağı uzun müddətdir müzakirə edilir. ABŞ Prezidenti Donald Trampın diplomatik təşəbbüsləri və G7 sammitindən sonra Ukrayna mövzusunun yenidən gündəmə gəlməsi bu müzakirələri daha da aktuallaşdırıb.

Diplomatik mənbələr bildirir ki, Koştanın ofisinin rəhbəri Pedro Lurti son həftələrdə Moskva rəsmiləri ilə iki dəfə əlaqə saxlayıb. Bu isə Avropa paytaxtları arasında narazılığa səbəb olub.

Nəticədə Aİ daxilində iki əsas yanaşma formalaşıb: bir tərəf hazırda Putinlə danışıqların məqsədəuyğun olmadığını bildirir, digər tərəf isə kommunikasiya kanallarının açıq saxlanılmasını müdafiə edir.

Samir

0