İqlim apokalipsisi təhlükəsinə görə "Yerin qara qutusu" layihəsi həyata keçirilir

DÜNYA
21:55 / 19.06.2026
41

Avstraliyada planetin iqlim vəziyyəti ilə bağlı məlumatları gələcək nəsillər üçün qorumağı hədəfləyən “Earth’s Black Box” (“Yerin qara qutusu”) layihəsinin tikintisi yekun mərhələyə çatıb. 

HİT.az xəbər verir ki, “Interesting Engineering” nəşrinin yazdığına görə, təxminən beş illik hazırlıqdan sonra layihə müəllifləri qurğunun 2026-cı ilin sonunadək Tasmaniya adasında quraşdırılacağını təsdiqləyiblər.

Layihə 2021-ci ildə Avstraliyanın “Rouser Lab” qeyri-kommersiya təşkilatı tərəfindən başladılıb. Məqsəd iqlim dəyişikliklərini və bəşəriyyətin bu böhrana reaksiyasını sənədləşdirən daimi ekoloji məlumat arxivi yaratmaqdır.

“Earth’s Black Box” tez-tez təyyarələrin “qara qutuları” ilə müqayisə olunsa da, ölçüləri xeyli böyükdür. Qurğunun uzunluğu 16 metr, hündürlüyü isə 4 metr olacaq.

Tikintidə möhkəmləndirilmiş polad və beton istifadə edilir. Obyekt Tasmaniyanın ucqar ərazilərindən birində, kiçik aerodrom yaxınlığında yerləşdiriləcək və fasiləsiz fəaliyyət göstərəcək.

Layihə müəllifləri bildirirlər ki, arxiv ən ekstremal ssenarilər nəzərə alınaraq hazırlanıb.

“Qurğu siklon, zəlzələ, yanğın, daşqın və hətta hücumlar da daxil olmaqla mümkün təhlükələrə davam gətirəcək şəkildə layihələndirilib”, – deyə layihənin rəsmi saytında qeyd olunur.

Sistemin enerji təminatı üçün dam hissəsində 36 günəş paneli quraşdırılacaq. Arxiv internet vasitəsilə müxtəlif kosmik agentliklərdən, meteoroloji xidmətlərdən və universitetlərdən məlumat qəbul edəcək.

Toplanan məlumatlar “Vital Index” adlı xüsusi bazada saxlanılacaq. Burada iqlim göstəriciləri, elmi ölçmələr, statistik məlumatlar və planetdə baş verən dəyişikliklərlə bağlı digər qeydlər toplanacaq.

Layihə təşkilatçıları vurğulayırlar ki, söhbət sadəcə məlumat anbarından getmir. Arxiv daim yenilənən və inkişaf edən “canlı” sistem kimi fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi yalnız məlumatların qorunması deyil. Müəlliflər ümid edirlər ki, gələcək sivilizasiyalar bu arxivdən istifadə edərək bəşəriyyətin ətraf mühitlə bağlı qəbul etdiyi qərarları təhlil edə biləcəklər.

“Bu qurğunun məqsədi planetin məhv olmasına aparan hadisələrin qərəzsiz qeydə alınması, gələcək nəsillər qarşısında məsuliyyətin təmin edilməsi və təxirəsalınmaz tədbirlərə ilham verməkdir”, – deyə layihənin təsvirində bildirilir.

Bununla belə, bəzi ekspertlər qeyd edirlər ki, hazırda dünyada çoxlu sayda açıq iqlim məlumat bazaları mövcuddur və yeni obyektin praktiki elmi əhəmiyyəti hələ də müzakirə mövzusu olaraq qalır.

Samir

0