ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal olunan “B-52 Stratofortress” strateji bombardmançısının “B-52H” modifikasiyasının idarə olunması üçün beş nəfərlik ekipaj tələb olunur. Böyük döyüş yükünə malik təyyarənin effektiv fəaliyyəti pilotlar, naviqatorlar və radioelektron mübarizə üzrə mütəxəssislərin koordinasiyalı işindən asılıdır.
Hit.az xəbər verir ki, bu barədə “Wionews” məlumat yayıb.
Hazırkı ekipaja təyyarə komandiri, ikinci pilot, radiolokasiya sistemləri üzrə naviqator, naviqasiya naviqatoru və radioelektron mübarizə zabiti daxildir. Ekipajın üzvləri yuxarı göyərtədə uçuşun və təyyarənin müdafiə sistemlərinin idarə olunmasını həyata keçirirlər. Radioelektron mübarizə zabiti isə siqnal maneələmə sistemlərinin tətbiqinə və “yer-hava” tipli raketlərdən müdafiəyə cavabdehdir.
Pəncərəsiz aşağı göyərtədə çalışan naviqatorlar dəqiq döyüş koordinatlarını müəyyənləşdirir və silahların hədəfə çatdırılmasına nəzarət edirlər.
Soyuq müharibə dövründə “B-52” bombardmançısının ekipajı altı nəfərdən ibarət olub. Həmin dövrdə heyətə quyruq hissəsində yerləşən müdafiə topunu idarə edən atıcı da daxil idi. Lakin 1991-ci ildə bu vəzifə ləğv edilib və təyyarənin quyruq hissəsi silahlı müdafiə vasitəsindən məhrum qalıb.
“Boeing B-52 Stratofortress” təyyarəsinin “B-52J” versiyasına modernləşdirilməsi proqramı çərçivəsində ekipajın sayının dörd nəfərə endirilməsi planlaşdırılır.
Mütəxəssislərin gözləntilərinə görə, yeni rəqəmsal idarəetmə sistemləri, sensor ekranlar və yenilənmiş “AN/APQ-188” radarı bir zabitə eyni vaxtda bir neçə funksiyanı yerinə yetirməyə imkan verəcək. Buraya naviqasiya, hədəflərin müəyyənləşdirilməsi və digər əməliyyat tapşırıqları daxildir.
“B-52J” modernləşdirmə proqramının dəyəri on milyardlarla dollar həcmində qiymətləndirilir. Layihənin əsas məqsədi strateji bombardmançının istismar müddətini daha bir neçə onillik uzatmaqdır.
Samir


