Ruslar Kostyantinovkaya daxil olur və şəhəri ələ keçirməyə hazırlaşır - KİV

DÜNYA
13:08 / 23.06.2026
50

Rusiya qoşunlarının Donbasın qalan hissəsi üçün əsas dayaq nöqtələrindən biri sayılan Kostyantinivkaya daxil olduğu və şəhəri nəzarətə götürməklə hədələdiyi bildirilir.

HİT.az “The Telegraph”a istinadən xəbər verir ki, ukraynalı hərbçilər şəhərin faktiki olaraq “boz zona”ya çevrildiyini, yəni artıq tərəflərdən heç birinin tam nəzarətində olmadığını deyirlər. Rusiya Müdafiə Nazirliyi isə rus qüvvələrinin şəhərin cənub-qərbində əməliyyatları gücləndirdiyini və guya Ukrayna bölmələrini mühasirəyə aldığını iddia edib.

Qeyd olunur ki, bu hücum Moskvanın Kostyantinivkanı mühasirəyə alaraq ələ keçirməyə çalışdığına dair narahatlıqları artırıb. Bu isə Donetsk vilayətinin şərqində Ukraynanın son böyük dayaq nöqtələri olan Kramatorsk və Slovyansk istiqamətinə yol aça bilər.

BBC-yə şəhərdə fəaliyyət göstərən ukraynalı dron pilotu bildirib ki, şəhər daxilinə sızan Rusiya qüvvələrini şəhər şəraitində çıxarmaq olduqca çətindir. Onun sözlərinə görə, vəziyyət “böyük böhrana” çevrilib.

Eyni zamanda, cənubdan hücum edən rus əsgərlərinin Kostyantinivkanın hətta şimal kənarlarında da göründüyü bildirilir.

“The Telegraph”ın məlumatına görə, Rusiya 2025-ci ildə Pokrovskun ələ keçirilməsində istifadə edilən strategiyaya bənzər taktika tətbiq edir: şəhəri mühasirəyə almaq və təchizat xətlərini kəsmək üçün cinahlardan irəliləmə həyata keçirilir.

Bununla belə, Kiyev şəhərin mühasirəyə alındığı iddialarını rədd edir. Ukraynanın 19-cu korpusunun komandiri, briqada generalı Oleksandr Bakulin vəziyyətin nəzarət altında olduğunu və düşmənin uğur qazanmadığını bildirib. O, eyni zamanda şəhərdə təxminən 130 Rusiya hərbçisinin olduğunu etiraf edib.

“York” Universitetinin Rusiya tarixi üzrə eksperti Şeyn O’Rurk Kostyantinivkanı “tarazlıq vəziyyətində olan şəhər” kimi xarakterizə edib. O bildirib ki, Putin Donetskin qalan hissəsini ələ keçirsə, bu, ona “saxta qələbə görüntüsü” verə bilər.

Ekspertin sözlərinə görə, Rusiya tez-tez şəhərlərin tam ələ keçirilməsindən əvvəl bunu elan edir və bu, artıq bir növ ənənəyə çevrilib. O əlavə edib ki, hətta Kostyantinivka itirilsə belə, bu, “Möhkəmləndirilmiş xəttin” sonu demək olmayacaq.

O vurğulayıb ki, Donetskin tam ələ keçirilməsi Rusiyanın 2022-ci ildə qarşısına qoyduğu ilkin hərbi məqsədlərin əsas hissəsidir və Putin üçün bu, ciddi siyasi əhəmiyyət daşıyır.

Hərbi ekspert Pavlo Narojniy daha əvvəl bildirib ki, Kostyantinivka ətrafında vəziyyət Ukrayna üçün “çox əlverişli deyil”, lakin şəhərin asanlıqla ələ keçiriləcəyi də gözlənilmir. Onun sözlərinə görə, Rusiya üçün bu əməliyyat “bir-iki həftəyə nəticələnəcək asan irəliləyiş” olmayacaq.

Eyni zamanda “ISW” (Müharibənin Öyrənilməsi İnstitutu) Rusiya tərəfinin Kostyantinivkada irəliləyişlə bağlı iddialarının yalan olduğunu və bəzi hallarda süni intellektlə hazırlanmış videolarla təbliğat xarakterli görüntülərin yayıldığını bildirir.

Samir
 

0