"Guardian": Britaniyada yeni seçici nəsli ölkənin yenidən Aİ-yə qayıtmasını istəyir

DÜNYA
17:37 / 23.06.2026
40

Böyük Britaniyada yeni seçici nəsli ölkənin yenidən Avropa İttifaqına (Aİ) qoşulmasını dəstəkləyir. Bu barədə Stratklayd Universitetinin ictimai rəy sorğuları üzrə eksperti Con Körtis danışıb. 

HİT.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Ekspertin sözlərinə görə, son illərdə Böyük Britaniyada Aİ-yə qayıdışın tərəfdarlarının sayı əhəmiyyətli dərəcədə artıb və ictimai rəy “Brexit”dən imtinanın xeyrinə 52:48 nisbətindən təxminən 60:40 nisbətində Aİ-yə qayıdışı dəstəkləyən mövqeyə dəyişib.

Körtis hesab edir ki, bunun əsas səbəbi demoqrafik dəyişikliklər və yeni seçici nəslinin siyasi proseslərə qoşulmasıdır. O qeyd edib ki, 2016-cı ildə keçirilən “Brexit” referendumunda əhalinin bir hissəsi səs vermək üçün hələ kifayət qədər yaşda deyildi.

“2016-cı ildə səs verməyən insanların baxışlarına nəzər salsaq, istər yaş məhdudiyyətinə görə səs verə bilməyənlər olsun, istərsə də digər səbəblərlə iştirak etməyənlər, onların ‘Brexit’in nəticələri, xüsusən də iqtisadi təsirləri ilə bağlı fikirləri Aİ-də qalmağın tərəfdarlarının mövqeyinə daha yaxındır”, deyə ekspert bildirib.

Onun sözlərinə görə, iqtisadi amillər də vaxtilə Aİ-dən çıxışı dəstəkləyən seçicilərin mövqeyini dəyişə bilər. Körtis hesab edir ki, “Brexit”in vurduğu iqtisadi zərərin dərk edilməsi bəzi seçiciləri yenidən Aİ üzvlüyünü dəstəkləməyə sövq edə bilər.

Bununla yanaşı, ekspert vurğulayıb ki, əsas məqsədi miqrasiyanın azaldılması olan seçicilər arasında mövqelər demək olar ki, dəyişməyib və onlar hələ də “Brexit” qərarını dəstəkləyirlər.

İyunun 22-də Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən ayrılacağını açıqlayıb. O bildirib ki, hakim Leyborist Partiyası yeni lider seçənədək baş nazir postunda qalacaq. KİV-lərin məlumatına görə, baş nazir vəzifəsinə əsas namizədlərdən biri Mançesterin keçmiş meri Endi Börnham hesab olunur.

Samir
 

0