SETI institutları Kainatda tək olub-olmadığımız sualına cavab axtararkən, elm dünyasında yeni bir müzakirə yaranıb: insanlıq varlığını aktiv şəkildə kosmosa “elan etməlidirmi”, yoxsa yalnız dinləməyə davam etməlidirmi? SETI çərçivəsində çalışan astronom Dr. Vişal Qacjar bu məsələdə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, hazırda mümkün “kənar sivilizasiyalar”la birbaşa dialoq aparılmır və aparılan bütün işlər əsasən kosmosdan gələn radio siqnalların passiv şəkildə izlənməsindən ibarətdir. Ulduzlararası məsafələrin həddindən artıq böyük olması səbəbindən real vaxtda ünsiyyət praktik olaraq mümkün deyil.
Müzakirələrin digər tərəfində isə METI (Messaging Extraterrestrial Intelligence – kənar intellektə mesaj göndərmə) layihələri dayanır. Bu yanaşma bəzi alimlərdə narahatlıq yaradır. Əsas risk ondan ibarətdir ki, insanlıq Kainatda potensial təhlükələrin nə olduğunu bilmir və öz mövcudluğunu elan etməklə diqqət cəlb edə bilər.
Dr. Qacjar qeyd edir ki, ən böyük problemlərdən biri də qlobal razılaşmanın olmamasıdır: kim, nəyi və hansı məzmunda kosmosa göndərə bilər? Ortak bir beynəlxalq qərar olmadan “rəsmi mesaj” göndərmək, onun fikrincə, məsuliyyətsiz addım ola bilər.
Tam sükut isə artıq mümkün deyil. İnsanlığın texnologiyası uzun illərdir fərqində olmadan kosmosa elektromaqnit “izlər” buraxır. Rabitə peykləri, radar sistemləri və dərin kosmosla əlaqə üçün istifadə olunan güclü radio siqnallar artıq Yerin “radio sükutunu” pozub.
Tədqiqatlara görə, yaxın ulduz sistemlərində inkişaf etmiş bir sivilizasiya varsa, Yerə aid texnoloji siqnalları müəyyən məsafələrdən aşkar edə bilər. Xüsusilə hava limanı radarları və güclü yayım sistemləri kosmosa daha geniş miqyasda “informasiya sızdırır”.
Alimlərin fikrincə, mümkün ilk təmas böyük ehtimalla planlı mesajlaşma ilə deyil, təsadüfi siqnalların qarşı tərəf tərəfindən tutulması ilə baş verə bilər.
Bu müzakirə hələlik açıq qalır: insanlıq kosmosa mesaj göndərməyə tələsməlidirmi, yoxsa əvvəlcə dinləməyi davam etdirməlidir?
Samir


