Almaniya hökumətinin dəyəri təxminən 18 milyard avro olan yeni freqatların alınması proqramından imtina etməsi müdafiə sənayesində rezonans doğurub.
HİT.az xəbər verir ki, bu qərardan sonra Almaniyanın aparıcı müdafiə şirkətlərindən biri olan “Rheinmetall”ın səhmlərində kəskin eniş qeydə alınıb.
Məlumata görə, layihənin dayandırılması müdafiə sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərin gələcək sifariş portfeli ilə bağlı narahatlıqları artırıb. İnvestorlar qərarı hərbi xərclərin planlaşdırılmasına dair qeyri-müəyyənliyin əlaməti kimi qiymətləndiriblər.
Analitiklər bildirirlər ki, freqat proqramının ləğvi ilk növbədə gəmiqayırma sənayesinə təsir etsə də, müdafiə sahəsində çalışan digər iri şirkətlərin də bazar dəyərində azalma müşahidə olunub. Bu fonda “Rheinmetall”ın səhmləri birja ticarəti zamanı nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.
Almaniya Müdafiə Nazirliyi qərarın səbəbləri barədə ətraflı məlumat verməsə də, bəzi ekspertlər bunu büdcə prioritetlərinin dəyişməsi və silahlanma proqramlarının yenidən nəzərdən keçirilməsi ilə əlaqələndirirlər.
Mütəxəssislər hesab edirlər ki, Berlinin yaxın aylarda müdafiə sahəsində hansı layihələrə üstünlük verəcəyinə dair qərarları Avropanın hərbi-sənaye kompleksində mühüm təsir göstərə bilər.
Samir


