Türk sivilizasiyasının yeni intibahı

DÜNYA
12:41 / 30.06.2026
276

“Bakıda “Türk Dünyası Həftəsi”nin keçirilməsi türk xalqlarının müasir tarixinin yüksəliş yolunda olduğunu təsbit edir”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Yer kürəsinin çox böyük bir ərazisində yayılmış və ortaq tarixə, dilə, mədəniyyətə malik xalqların yenidən milli dəyərləri inkişaf etdirməsi qədimliklə müasirliyin inteqrasiyası baxımından dünya mədəni irsinə yeniliklər bəxş edəcək:  


“Tədbir əlamətdar bir yubileyə, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunub. Ancaq bu tədbiri yalnız yubiley şənliyi kimi yox, türk xalqlarının və onların dövlətlərinin əməkdaşlığı yolunda atılan növbəti addım kimi qiymətləndirmək lazımdır.

4 gün davam edəcək tədbirdə beynəlxalq konqreslərin, elmi panel müzakirələri, kitab təqdimatları, sərgilər və iştirakçılar arasında sərbəst müzakirələr Türk dünyasında elmi və mədəni birliyin güclənməsində əhəmiyyətli rol oynayacaq”.

Ekspert qeyd edib ki, türk xalqlarının qədimliyini və öz dövrünə görə yüksək inkişafa nail olmasını beynəlxalq aləmin bəzi üzvləri inkar etməyə çalışırlar:
“Hətta bir sıra tanınmış Qərb alimləri ümumiyyətlə “Türk sivilizasiyasi”nın mövcudluğunu qəbul etmirlər. Yəni, indiyədək olmuş sivilizasiyaların tarixini araşdırarkən türklərin üzərindən sükutla keçirlər. Təbii ki, söhbət ümumi tendensiyadan gedir. Ayrı-ayrı alimlər tarixi həqiqəti etiraf edirlər.


Lakin bizim dövrün xarakterik cəhətlərindən biri odur ki, türk xalqları özləri dünya səhnəsinə çıxaraq özlərinə məxsus tarixi, milli və mədəni sərvəti tədqiq edir, monoqrafiyalar yazır, beynəlxalq tədbirlərdə özlərini uğurla təsdiqləyirlər. “Türk Dünyası Həftəsi” bu cür tədbirlərin bariz nümunəsidir və dünyaya güclü bir mesajdır ki, bizi heç cür məhv etmək, danmaq olmaz. Çünki biz dünya xalqları ailəsində layiqli bir durumdayıq”.
   
Novruz Novruzov diqqətə çatdırıb ki, tədbirin proqramında “Birinci Türkoloji Qurultayın mirası”, “Türk dillərinin inkişaf dinamikası” və “Türk dünyası bir ailə kimi” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub:

“Bu, çox mühüm məsələdir. Ona görə ki, türk xalqları arasında dilçilik, tarix, mədəniyyət və humanitar elmlər sahəsində əməkdaşlığın dərinləşdirilməsinə imkan yaradır. Heç şübhəsiz həftə ərzində ortaq əlifbanın yaradılması yolunda daha intensiv müzakirələr aparılacaq və türk xalqlarının mədəni inteqrasiyası istiqamətində yeni mərhələ başlayacaq”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, dil mənəvi birliyin açarıdır:
“Dilin müxtəlif ləhcələrinin vahid ədəbi normalar çərçivəsinə salınması çətin və mürəkkəb iş olsa da, şərəfli və əhəmiyyətlidir. Bu və digər vəzifələrin uğurlu həlli isə türk sivilizasiyasının təsdiqlənməsi deməkdir. Bu mənada “Türk Dünyası Həftəsi”nin rolu və əhəmiyyəti olduqca yüksəkdir”.

Elmir Mustafa

0